Bioloji keçmişimizlə bağlı mövcud təsəvvürləri dəyişə biləcək yeni araşdırma insan hüceyrələrində nəsli kəsilmiş iki qədim insan növünün genetik izlərini üzə çıxarıb. Alimlərin bildirdiyinə görə, bu genetik irsin izləri bu gün dünyada yaşayan milyardlarla insanın DNT-sində qorunub saxlanılır.
HİT.az xəbər verir ki, insan növünün təkamül tarixində neandertallar və denisovalılar kimi yaxın qohumlarımızla genetik təmas uzun illərdir elmi araşdırmalarla təsdiqlənir. Xüsusilə Afrika xaricində yaşayan əhali arasında aşkar edilən neandertal genləri, Asiya və Okeaniya xalqlarında müəyyən olunan denisovalı genetik izləri bunun əsas sübutları hesab edilir.
Lakin alimlər birbaşa fosil qalıqları tapılmadığı üçün "kölgə nəsil" adlandırdıqları sirli insan qruplarının mövcudluğunu sübut etməkdə çətinlik çəkirdilər. Yeni hazırlanmış analiz üsulu isə bu vəziyyəti dəyişib.
ABŞ-nin Kaliforniya Universitetinin Berkli kampusunun tədqiqatçıları fosil DNT-sinə ehtiyac olmadan insan genomundakı tarixi genetik əlaqələri müəyyən etməyə imkan verən yeni metoddan istifadə ediblər. Tədqiqat çərçivəsində dünyanın müxtəlif bölgələrindən 500-dən çox insanın tam genom ardıcıllığı təhlil olunub, genetik xətlərin nə vaxt birləşdiyi xəritələşdirilib.
Araşdırmanın nəticələrinə görə, hazırda yaşayan bütün insanların DNT-sində eyni "kölgə nəsil"dən miras qalan kiçik genetik fraqment mövcuddur. Müəyyən edilib ki, bu gen axını Afrikadan kütləvi miqrasiyadan ən azı 50 min il əvvəl baş verib və insan genomunun təxminən 0,5–1 faizini təşkil edir.
Tədqiqatçılar hesab edirlər ki, bu genetik ayrılmanın tarixi təxminən 800 min il əvvələ gedib çıxır. Alimlərin fikrincə, bu genetik irsin əsas mənbəyi 700–200 min il əvvəl Afrika və Avropada yaşamış “Homo heidelbergensis” növü ola bilər.
Araşdırmanın ikinci mühüm nəticəsi Okeaniya əhalisinin DNT-sində aşkar edilib. Müəyyən olunub ki, təxminən 1,8 milyon il əvvələ aid edilən daha qədim genetik xətt denisovalılarla baş vermiş genetik qarışma nəticəsində müasir insanlara ötürülüb.
Alimlər hesab edirlər ki, bu son dərəcə qədim genetik irsin mənbəyi tarixdə ən uzun müddət yaşamış insan növlərindən biri olan “Homo erectus” ola bilər.
Tədqiqat göstərir ki, bu qədim genetik fraqmentlər genomda təsadüfi şəkildə yayılmayıb. Onlar əsasən immun sistemi və maddələr mübadiləsini tənzimləyən gen sahələrində cəmləşib. Mütəxəssislərin fikrincə, qədim insan qrupları ilə genetik təmas əcdadlarımızın yeni xəstəliklərə və dəyişən qidalanma şəraitinə uyğunlaşmasına kömək edib.
Tədqiqat müəllifləri bildirirlər ki, hazırladıqları yeni metod gələcəkdə fosil qalıqlarının çox az tapıldığı bölgələrdə yaşamış naməlum insan nəsillərinin də müəyyən edilməsinə imkan verə bilər.
Samir


