Avropa ölkələri yenidən silahlanma prosesini sürətləndirir və müdafiə sahəsində getdikcə daha çox Ukraynanın təcrübəsinə güvənir.
HİT.az xəbər verir ki, bu barədə "WELT" nəşri təhlükəsizlik sahəsi üzrə ekspertlərə istinadən yazıb.
Məqalədə qeyd olunur ki, ekspertlər Rusiya Prezidenti Vladimir Putinin Donald Trampın prezidentliyi dövrünü "NATO" ölkələrinə qarşı daha aqressiv addımlar üçün əlverişli fürsət kimi qiymətləndirə biləcəyindən narahatdırlar. Analitiklərin fikrincə, Moskva Alyansın ayrı-ayrı üzvlərinə mümkün hücum zamanı ABŞ-nin kifayət qədər qətiyyətli müdaxilə etməyəcəyini düşünə bilər ki, bu da Kreml üçün "imkan pəncərəsi" yarada bilər.
Bununla yanaşı, analitiklər hesab edirlər ki, Avropa ölkələri nəhayət müdafiə sahəsinə daha ciddi investisiya qoymağa başlayıblar. Xüsusilə Almaniya silah tədarükü prosedurlarını sürətləndirib. Lakin ekspertlərin fikrincə, bu addımlar hələlik hava hücumundan müdafiə, uzaqmənzilli raketlər və kəşfiyyat sahəsindəki boşluqları qısa müddətdə aradan qaldırmaq üçün kifayət deyil.
Müdafiə sənayesi üzrə ekspert Suzanna Viqand bildirib ki, yenidən silahlanmanın tempi mövcud təhlükələrin miqyasına uyğun deyil.
“Ümumilikdə vəziyyətin qiymətləndirilməsi indiyədək əldə etdiyimiz sürətlə üst-üstə düşmür. Düzgün istiqamətdə irəliləyirik, lakin daha sürətli hərəkət etməliyik”, deyə o bildirib.
Nəşr yazır ki, Avropada müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıran ölkələr – Skandinaviya dövlətləri, Baltik ölkələri, Polşa və Almaniya ilə büdcə məhdudiyyətləri səbəbindən hərbi imkanlarını eyni sürətlə genişləndirə bilməyən iri Avropa dövlətləri arasında fərq formalaşır.
Məqalədə vurğulanır ki, Ukrayna ordusu müasir pilotsuz uçuş aparatlarından istifadə etməklə döyüş aparmaq sahəsində "NATO" ordularında çatışmayan unikal təcrübəyə malikdir. Təlimlər zamanı Ukraynanın pilotsuz sistem bölmələrinin Alyans hərbçiləri üzərində üstünlük nümayiş etdirdiyi bildirilir. Ekspertlərin fikrincə, bu, Qərbin oxşar münaqişələrə kifayət qədər hazır olmadığını göstərir.
Bu fonda "WELT" qeyd edir ki, Ukraynaya münasibət də dəyişir. Əvvəllər ölkə əsasən yardım alan tərəf kimi qiymətləndirilirdisə, indi o, Avropanın təhlükəsizlik sisteminin formalaşdırılmasında mühüm gələcək tərəfdaş kimi qəbul edilir.
“Ukrayna qiymətli strateji üstünlüyə çevrilib. Rusiya təhlükəsinə həm psixoloji, həm də texnoloji baxımdan necə qarşı durmağı bilən yeganə xalq ukraynalılardır”, deyə Suzanna Viqand bildirib.
Oxşar mövqeni Bundestaqın Müdafiə Komitəsinin sədri Tomas Revekamp da bölüşür. Onun sözlərinə görə, Almaniya Avropanın ən güclü ənənəvi ordusunu yaratmaq niyyətində olsa da, hazırda bu status Ukraynaya məxsusdur. O, həmçinin gələcəyin təhlükəsizlik sisteminin Kiyevlə birlikdə qurulmasının vacibliyini vurğulayıb.
“İnnovasiya, texnologiya və döyüş təcrübəsi sahəsində Ukraynada artıq mövcud olan imkanlar gələcəkdə qitəmizin müdafiə qabiliyyəti üçün əvəzolunmaz olacaq”, deyə Tomas Revekamp qeyd edib.
Nəşr sonda bildirir ki, Ukrayna ilə əməkdaşlıq Avropaya yalnız müdafiə potensialını gücləndirməyə deyil, həm də ABŞ hərbi sənayesindən asılılığını azaltmağa kömək edə bilər. Artıq Almaniya və digər Avropa ölkələrinin pilotsuz uçuş aparatları hazırlayan startapları Ukrayna istehsalçıları ilə fəal əməkdaşlıq edir, müharibə şəraitində sınaqdan keçmiş texnologiya və döyüş təcrübəsini mənimsəyirlər.
Samir


