Alimləri təəccübləndirən asteroid: İllərdir gizlətdiyi quruluş üzə çıxdı

DÜNYA
19:58 / 04.08.2026
41

Çili və ABŞ-da yerləşən iki iri teleskopun birgə müşahidələri nəticəsində "44 Nysa" asteroidinin indiyədək məlum olmayan mürəkkəb quruluşu aşkarlanıb. Alimlər müəyyən ediblər ki, asteroid əvvəllər düşünüldüyü kimi iki hissədən deyil, çox nadir rast gəlinən üçloblu quruluşa malikdir.

HİT.az xəbər verir ki, 1857-ci ildə ilk dəfə qeydə alınan "44 Nysa" uzun illər ərzində, o cümlədən "Hubble" kosmik teleskopunun müşahidələri zamanı belə, ətraflı öyrənilə bilməmişdi.

Arizona ştatındakı "Large Binocular Telescope" ("LBT") və Çilidə yerləşən "Very Large Telescope" ("VLT") tərəfindən aparılan yeni müşahidələr bu sirri aydınlaşdırıb.

Tədqiqat zamanı atmosferin yaratdığı görüntü təhriflərini aradan qaldıran adaptiv optik sistemlərdən, həmçinin "SHARK-VIS", "SPHERE" və "ZIMPOL" cihazlarından istifadə olunub.

Xüsusi proqram təminatı asteroidin güclü işıq saçmasının yaratdığı parıltını aradan qaldıraraq onun indiyədək görünməyən detallarını üzə çıxarıb.

Əldə olunan görüntülərdə eni təxminən 75 kilometrə çatan nizamsız formalı cismin üzərində iki dərin vadinin olduğu müəyyən edilib.

ABŞ-ın "Lowell" Rəsədxanasının əməkdaşı Keyt Minkerin sözlərinə görə, asteroid ya cazibə qüvvəsi ilə birləşmiş üç ayrı hissədən ibarətdir, ya da indiyədək müşahidə olunmamış dərəcədə mürəkkəb relyefə malik vahid gövdədir.

Yüksək kontrastlı görüntüləmə üsulu asteroidin parlaq işığının arxasında gizlənən kiçik peyki də üzə çıxarıb.

Müvəqqəti olaraq "S/2026 (44) 1" adlandırılan bu obyektin diametrinin təxminən 1 kilometr olduğu və əsas asteroiddən ən azı 170 kilometr məsafədə dövr etdiyi bildirilir.

Peykin orbital hərəkəti iki ayrı müşahidə dövründə təsdiqlənib.

Adını yunan mifologiyasında Dionisin böyüdüyü əfsanəvi "Nysa" bölgəsindən alan asteroidin necə formalaşdığı barədə alimlər iki əsas ehtimal irəli sürürlər.

Birinci versiyaya görə, üç ayrı asteroid aşağı sürətlə toqquşaraq bir-birinə birləşib.

İkinci ehtimala əsasən isə güclü toqquşma nəticəsində gövdə gelgit qüvvələrinin təsiri altında bir neçə hissəyə parçalanıb.

Alimlər kiçik peykin orbitini və hərəkət sürətini dəqiq hesablayaraq "44 Nysa"nın kütləsini müəyyən etməyi planlaşdırırlar.

Tədqiqatçılar bildirirlər ki, dəmirlə zəngin olmayan enstatit mineralının üstünlük təşkil etdiyi "E" tipli asteroidlər Günəş sisteminin erkən inkişaf mərhələsini və Yerə bənzər planetlərin formalaşma prosesini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır.

Araşdırmanın nəticələri "arXiv" elmi platformasında dərc olunub və "Astronomy & Astrophysics" jurnalında rəy prosesinə təqdim edilib.

Samir
 

0