Suriya ABŞ sanksiyalarının ləğvi üçün Rusiya nefti idxalını azaldacaq

DÜNYA
18:40 / 04.08.2026
52

Suriya Rusiya nefti idxalını kəskin şəkildə azaltmağa razılaşıb. 

HİT.az xəbər verir ki, "Reuters" agentliyinin müzakirələrin gedişi ilə tanış olan üç mənbəyə istinadən verdiyi məlumata görə, bu məsələ ölkə ilə ABŞ arasında aparılan danışıqlar zamanı müzakirə olunub.

Suriya rəsmiləri bu qərarı ABŞ nümayəndələri ilə ölkənin terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılması məsələsini müzakirə edərkən açıqlayıblar. İyul ayında ABŞ prezidenti Donald Tramp 45 günlük yoxlamadan sonra Suriyanın bu siyahıdan çıxarılması barədə qərar verdiyini bildirib. Agentliyin mənbələrindən birinin sözlərinə görə, amerikalı rəsmilər Rusiya nefti idxalının azaldılmasının bu statusun "daha sürətli və problemsiz şəkildə ləğv olunması şansını artıracağını" qeyd ediblər.

Mənbələrdən biri əlavə edib ki, Suriya Rusiya neftindən öz istəyinə görə deyil, zərurət səbəbindən asılı vəziyyətdədir. Onun sözlərinə görə, Suriya rəsmiləri əvvəlcə sanksiyaların aradan qaldırılmasını istəyirlər ki, ölkə alternativ tədarük mənbələri tapa bilsin. Suriyanın enerji sektorundan olan nümayəndə Reuters-ə bildirib ki, Dəməşq artıq yeni təchizatçılar axtarır və "radikal dəyişikliklər" elan edib.

ABŞ Dövlət Departamenti "terrorizmi dəstəkləyən dövlət" statusunu beynəlxalq terror aktlarına dəfələrlə dəstək verdiyi hesab olunan ölkələrə verir. Bu siyahıya İran, Şimali Koreya, Kuba və digər dövlətlər daxildir. Suriyanın bu siyahıda yer alması ABŞ tərəfindən ölkəyə qarşı tətbiq olunan əsas sanksiya tədbiri olaraq qalır.

Suriya ilə ABŞ arasında münasibətlər 2025-ci ilin noyabrında iki ölkə liderlərinin Ağ Evdə keçirilən görüşündən sonra yaxşılaşmağa başlayıb. Həmin ay ABŞ Suriyanın keçid hökumətinin rəhbəri Əhməd əş-Şaraanı sanksiya siyahısından çıxarıb. Daha sonra Vaşinqton Dəməşqə qarşı tətbiq olunan sanksiyaları qismən yumşaldıb.

Samir

0