Trampın Kuba israrı: Venesuela ssenarisi təkrarlanacaq?

DÜNYA
13:35 / 11.08.2026
318

Kuba ilə bağlı sürpriz iddialar yayılmağa davam edir.

ABŞ mediasında yer alan xəbərlərə əsasən, Prezident Donald Tramp Kubada hakimiyyəti dəyişdirməkdə israrlıdır. Onun uzun müddətdir Kubanı hədəf seçdiyi bilinir. Üstəlik, Tramp özü də bunu dəfələrlə bəyan edib. 

Son xəbərlərə əsasən isə Tramp Kubanı idarə edəcək yeni lider axtarışına başlayıb. O, Venesuela ssenarisini Kubada həyata keçirmək istəyir. Kubada hakimiyyətə gətirmək istədikləri namizəd isə Raul Kastronun nəvəsi Rodrigez Kastrodur. 

Maraqlıdır, Kubada həqiqətən Venesuala ssenarisi təkrarlanaraq hakimiyyət dəyişə bilərmi?

Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulami Hit.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Kuba siyasətində baş verən son dəyişikliklərə yalnız klassik “sanksiyalar siyasəti” kimi baxmaq artıq kifayət etmir: 


“Donald Tramp administrasiyasının addımları göstərir ki, Vaşinqtonun məqsədi Kubanı sadəcə iqtisadi güzəştlərə məcbur etmək deyil, Havana hakimiyyətinin siyasi transformasiyasına nail olmaqdır. Hesab edirəm ki, ABŞ-nin Kubada rejim dəyişikliyi istəməsi real siyasi faktdır. Lakin bunun mütləq Venesueladakı modelin eynilə təkrarlanacağı anlamına gəlmir.

Tramp administrasiyası artıq Kubaya qarşı iqtisadi və siyasi təzyiqi maksimum həddə çatdırmağa çalışır. Vaşinqtonun əsas hesablaması Kubanın son dərəcə ağır iqtisadi vəziyyətindən istifadə etməklə, hakimiyyət daxilində parçalanma yaratmaq, hökuməti güzəştlərə məcbur etmək və mümkün hakimiyyət keçidinə əvvəlcədən alternativ fiqurlar hazırlamaqdır”.

Ekspert qeyd edib ki, ABŞ mediasında Kuba hakimiyyəti daxilindən gələcək keçid üçün potensial şəxslərin araşdırılması barədə xəbərlər məhz bu strategiyanın göstəricisidir:
“Bu baxımdan, Raul Kastronun nəvəsinin adının gündəmə gəlməsi xüsusilə maraqlıdır. Çünki Vaşinqton üçün ideal ssenari mütləq müxalifətdən bir şəxsi gətirmək olmaya bilər. Əksinə, Kuba dövlət aparatının, ordusunun və təhlükəsizlik sisteminin tanıdığı, lakin iqtisadi açılışa və ABŞ ilə anlaşmaya hazır olan bir fiqur daha əlverişli ola bilər. Rodrigez Kastro ilə ABŞ tərəfi arasında mümkün təmaslar barədə məlumatların yayılması da bu baxımdan diqqətəlayiqdir. 

Burada əsas məqam budur ki, Vaşinqton üçün əsas məsələ Kastronun soyadını hakimiyyətdən silmək yox, Kastrist sistemin ABŞ üçün qəbuledilən formada transformasiyasına nail olmaq ola bilər. Bu, ilk baxışda paradoksal görünür. Amma geosiyasətdə çox vaxt ən effektiv rejim dəyişikliyi mövcud sistemin bütünlüklə dağıdılması deyil, onun daxilindən yeni hakimiyyət modelinin formalaşdırılmasıdır”.

Həmsöhbətimiz əlavə edib ki, Venesuela nümunəsi də Tramp administrasiyasının Latın Amerikasında əvvəlki administrasiyalardan daha sərt və daha birbaşa metodlara üstünlük verdiyini göstərir:
“Lakin Kuba Venesuela deyil. Çünki Kuba coğrafi baxımdan ABŞ-yə çox yaxındır və Florida ilə Kuba arasında məsafə cəmi təxminən 150 kilometrdir. Bu, Vaşinqton üçün Kubanı həm təhlükəsizlik, həm də miqrasiya baxımından xüsusi əhəmiyyətli edir. Kuba dövlət sistemi onilliklər ərzində hərbi və təhlükəsizlik strukturları üzərində qurulub. 

Ona görə də hakimiyyətin birdən-birə çökməsi ABŞ üçün də risklidir. Əgər Havana hakimiyyəti dağılsa və onun yerinə dərhal işlək siyasi sistem gəlməsə, nəticə kütləvi miqrasiya, xaos, silahlı qarşıdurma və regional təhlükəsizlik böhranı ola bilər. ABŞ ekspertləri də məhz bu səbəbdən Kubada Venesuela tipli ssenarinin avtomatik işləməyəcəyini vurğulayırlar”.

Tamilla Qulami hesab edir ki, Kuba məsələsində Vaşinqtonun məqsədi yalnız siyasi hakimiyyəti dəyişmək deyil: 
“ABŞ Çin və Rusiyanın Karib hövzəsindəki təsir imkanlarını da məhdudlaşdırmaq istəyir. Kuba bu baxımdan Vaşinqton üçün sadəcə kommunist rejim problemi deyil, ABŞ sahillərinin yaxınlığında yerləşən geosiyasi məsələdir. Zənnimcə, Trampın Kuba strategiyasını iqtisadi cəhətdən sıxmaq, hakimiyyət daxilində parçalanma və idarə olunan siyasi keçid təşkil edir. Əgər ilkin mərhələ nəticə verərsə, Vaşinqtonun hərbi müdaxiləyə ehtiyacı azalacaq.

Kuba rəhbərliyi daxilində parçalanma yaranarsa, üçüncü mərhələ, yəni hakimiyyətin daxilindən yeni lider və ya keçid komandası formalaşdırılması gündəmə gələ bilər. Məhz buna görə Raul Kastronun nəvəsinin adının ortaya çıxmasını təsadüfi hadisə hesab etmirəm. Amma onu “ABŞ-nin seçdiyi gələcək Kuba prezidenti” kimi təqdim etmək də indiki mərhələdə tezdir. Daha doğru ifadə budur ki, Vaşinqton Kuba elitasının daxilində mümkün siyasi keçid üçün alternativ kanalları araşdırır”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, yaxın perspektivdə ABŞ-nin Kubaya qarşı hərbi müdaxiləsindən daha çox “Venesuela təcrübəsinin siyasi-iqtisadi variantı” ehtimalı yüksəkdir:
“Yəni Ağ Ev əvvəlcə iqtisadi təzyiqi artıracaq, enerji və maliyyə imkanlarını məhdudlaşdıracaq, Havana rəhbərliyinə siyasi güzəştlər üçün təzyiq göstərəcək və paralel olaraq hakimiyyət daxilində potensial tərəfdaşlar axtaracaq. Əgər sistem daxildən çatlamağa başlasa, ABŞ həmin anda hazır alternativlə meydana çıxmağa çalışacaq. Bu baxımdan, Kubanı Tramp administrasiyasının Latın Amerikasında “növbəti domino daşı” kimi gördüyünü düşünürəm. 

Lakin Kuba “domino daşı” olmaqla yanaşı, Vaşinqton üçün ən mürəkkəb daşlardan biridir. Çünki Venesuelada hakimiyyəti dəyişmək bir şeydir, Kubada 1959-cu ildən formalaşmış siyasi sistemi dağıtmaq tamam başqa məsələdir. Hesab edirəm ki, ABŞ Kubada rejim dəyişikliyi xəttindən geri çəkilməyəcək, lakin ilk seçim hərbi müdaxilə yox, hakimiyyətin daxildən dəyişdirilməsi olacaq”.

T. Qulami söyləyib ki, Raul Kastronun nəvəsi və digər mümkün fiqurların gündəmə gəlməsi də məhz bu hazırlığın əlaməti kimi qiymətləndirilə bilər:
“Əgər Vaşinqton bunu uğurla həyata keçirə bilsə, söhbət sadəcə Kuba hakimiyyətinin dəyişməsindən getməyəcək. Bu, ABŞ-nin Karib hövzəsində yeni geosiyasi düzən qurmasının başlanğıcı olacaq. Ona görə də Kuba məsələsi Venesueladan daha böyük strateji layihədir.

Bu yanaşmada əsas fərq budur ki, ABŞ Kubaya hücum edəcəkdən çox, ABŞ Kuba hakimiyyətinin daxildən dəyişdirilməsi üçün şərait yaradır stratejisi daha əsaslandırılmış görünür. ABŞ rəsmilərinin və mediasının son aylardakı məlumatları da məhz bu istiqaməti göstərir”.

Elmir Mustafa

0