Bal yeyən porsuq və ya ratel tülkü boyda olan, hətta şir və bəbirə hücum etməkdən çəkinməyən, arı pətəklərini talayan və dünyanın ən zəhərli ilanlarının sancmasından sağ çıxa bilən yırtıcıdır.
HİT.az xəbər verir ki, bu barədə “BBC Wildlife” yazıb.
Bu heyvan porsuq, gəlincik və su samurunun da daxil olduğu sansargillər fəsiləsinə aiddir. Ratel Afrikada bu fəsilənin ən böyük quru nümayəndəsidir. Onun bədəninin uzunluğu 55-77 santimetr, quyruğunun uzunluğu isə 12-30 santimetr olur. Boyu çiyinlərində cəmi 23-28 santimetrə çatır. Dişiləri erkəklərdən daha kiçikdir. Heyvanın 4 santimetr uzunluğunda caynaqları və tısbağanın zirehini belə sındıra bilən dişləri var.
Maraqlıdır ki, alimlər əvvəllər rateli əsl porsuqlar sırasına daxil edirdilər. Lakin sonradan onun sansargillərə daha yaxın olduğu müəyyənləşib və heyvan Mellivorinae adlı ayrıca yarımfəsiləyə ayrılıb.
Qorxmaz döyüşçü kimi tanınmasına baxmayaraq, əslində ratellər münaqişələrdən qaçmağa çalışırlar.
“BBC Wildlife”ın suallarını cavablandıran təbiətşünas Kollin Beqq deyib:
“Dünyanın ən qorxmaz heyvanları kimi tanınmalarına baxmayaraq, ratellər problemdən qaçmağa çalışırlar. Mən onların şir və ya bəbirin təzə izlərini hiss etdikdən sonra dərhal yuvalarına qaçdıqlarını görmüşəm”.
Onun sözlərinə görə, bu heyvanlar əsasən qəfil yaxalandıqları zaman hücuma keçirlər. Bu, çox vaxt yuva qazarkən baş verir. Belə vəziyyətdə görmə qabiliyyəti zəif olan və burnunu torpağa soxan ratel yaxınlıqdakı təhlükəni hiss etmir.
Qorxuya düşən heyvan hücum edənə tərəf atılır, anal vəzilərindən kəskin qoxulu ifrazat buraxır, tüklərini qabardaraq dikəlir. Adətən bu, hətta böyük yırtıcını belə uzaqlaşdırmaq üçün kifayət edir. Üstəlik, dərisinin çox boş olması ratelə hücum edən heyvan onu artıq tutsa belə, bədənini buraraq qarşı tərəfi dişləməyə imkan verir.
Adı bal sevgisinə işarə etsə də, ratelin əsas qidası gəmiricilər, sürünənlər və həşərat sürfələridir. Bəzən o, antilop, hepard balalarını, hətta qartal balalarını da ovlayır.
Ovlarının əhəmiyyətli hissəsini zəhərli ilanlar təşkil edir. Bunlara şişirdici gürzə və Keyp kobrası da daxildir. Hesab olunur ki, ratellər illər keçdikcə ilan zəhərinə qarşı müəyyən immunitet qazanırlar.
“Şişirdici gürzənin üzündən dişlədiyi bir ratellə rastlaşmışdım. Yanağında güclü şişkinlik olmasına baxmayaraq, cəmi beş saat sonra yenidən ilanların dalınca qaçırdı”, deyə Beqq bildirib.
Ratellərə geniş ərazilərdə – Afrikanın Böyük Səhradan cənub hissəsində, Asiyanın cənub-qərbində və Hindistan yarımadasında rast gəlinir.
Bu səbəbdən heyvanlar insanlarla, xüsusilə fermerlər və arıçılarla tez-tez qarşıdurmaya girirlər. Ratel hətta möhkəm tikilmiş toyuq hinlərinə belə girə bilir. Hindistanda onların insan məzarlarını qazdığı hallar da qeydə alınıb.
Aqressiv xarakterinə baxmayaraq, ratellərin, xüsusilə balalarının özləri də tez-tez şirlərin, bəbirlərin və kaftarların ovuna çevrilir.
Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqının təsnifatına əsasən, bu növ “ən az narahatlıq doğuran” kateqoriyasına daxildir. Buna heyvanın geniş yayılma arealı və yaşayış mühitinə qarşı tələbkar olmaması imkan verir.
Samir


