"Xəzər ekspresi": Rusiya İrana dəstək üçün gizli marşrut yaradıb

DÜNYA
16:43 / 13.08.2026
42

Rusiya İrana hərbi dəstək məqsədilə Xəzər dənizi üzərindən yeni strateji təchizat marşrutundan istifadə etməyə başlayıb. 

HİT.az xəbər verir ki, ABŞ-ın Saratoga Foundation fondunun prezidenti, Rusiya və Avrasiya üzrə ekspert Qlen Hovardın "The Telegraph" üçün yazdığı məqalədə bu marşrut şərti olaraq “Xəzər ekspresi” adlandırılır.

Ekspertin sözlərinə görə, Moskva və Tehran Xəzər dənizini hərbi əməkdaşlıq üçün mühüm logistika xəttinə çevirir. Bu marşrut onlara ABŞ-ın Fars körfəzindəki mümkün dəniz təzyiqindən yayınmağa imkan verir.

Hovard hesab edir ki, Rusiya bu modeldən daha əvvəl Suriyadakı müharibə zamanı istifadə etdiyi “Suriya ekspresi”nə bənzər şəkildə yararlanır. İndi isə əsas diqqət Xəzər dənizinə yönəlib.

Rusiya-İran hərbi əməkdaşlığı güclənir

Məqalədə bildirilir ki, İran 2022-ci ildən sonra Rusiyanın mühüm hərbi tərəfdaşlarından birinə çevrilib. Ekspert Rusiyanın İrandan milyardlarla dollar dəyərində hərbi texnika və komponentlər aldığı, həmçinin “Şahid” tipli pilotsuz uçuş aparatlarının istehsalı üçün texnologiya və komponentlər əldə etdiyi barədə məlumatları xatırladır.

İddialara görə, İran Rusiyanın Tatarıstandakı “Alabuqa” xüsusi iqtisadi zonasında PUA istehsalının qurulmasına da kömək edib.

Xəzərdə hansı limanlar mühümdür?

Hovardın yazdığına görə, İranın Xəzər sahilində yerləşən dörd limanı ərzaq, yem və neft də daxil olmaqla müxtəlif yüklərin daşınmasında mühüm rol oynayır.

Rusiyanın Xəzərin şimalında yerləşən Olya limanı isə ekspert tərəfindən İran komponentlərinin və hərbi təyinatlı yüklərin daşınması baxımından əsas tranzit məntəqələrindən biri kimi göstərilir.

Xəzərin coğrafiyası Rusiyanın xeyrinədir

Ekspert hesab edir ki, Xəzər dənizinin bütün tərəflərdən quru ilə əhatə olunması Rusiyaya strateji üstünlük verir. Onun fikrincə, ABŞ kimi uzaq dəniz gücünün bu marşrut üzrə daşımaların qarşısını alması çətindir.

Hovardın qənaətinə görə, Xəzər həmçinin Rusiya, Azərbaycan və İranı birləşdirən “Şimal-Cənub” nəqliyyat dəhlizinin mühüm hissəsinə çevrilir. Bu xətt gələcəkdə Hindistana qədər uzanaraq Qərbin nəzarət etdiyi dəniz marşrutlarına alternativ yarada bilər.

Samir
 

0