ABŞ-ın Nevada ştatında yerləşən Mead gölü Milli Rekreasiya Zonasında turistlər bu yaxınlarda tamamilə su altında qalan yaşayış məntəqəsinin küçələri ilə gəzə bilirlər. Söhbət 1865-ci ildə salınmış keçmiş mormon şəhərciyi Sent-Tomasdan gedir.
HİT.az xəbər verir ki, bu barədə “Times of India” yazıb.
İlk vaxtlar köçkünlər hətta hara gəldiklərini bilmirdilər. Onlar evlərini Yuta ştatında tikdiklərini düşünürdülər, lakin sonradan ərazinin Nevada ştatında olduğu məlum oldu. Şəhərcik qısa müddətdə böyüdü: burada fermalar, mağazalar və hətta dondurma dükanı yarandı. Əhalinin sayı isə təxminən 500 nəfərə çatdı.
Sakit həyat 1930-cu illərdə, yaxınlıqda Huver bəndinin tikintisinə başlanması ilə başa çatdı. Suyun səviyyəsi qalxmağa başladı və sakinlər evlərini bir-birinin ardınca tərk etdilər. Nəşrin məlumatına görə, sonuncu sakin 1938-ci ildə öz evini yandıraraq qayıqla ərazidən uzaqlaşıb. Qısa müddət sonra şəhərciyin ən hündür binası 18 metr dərinlikdə suyun altında qalıb.
Lakin Sent-Tomas əbədi olaraq yox olmayıb. Quraqlıqlar səbəbindən göldə suyun səviyyəsi bəzən aşağı düşüb və xarabalıqlar yenidən suyun üzünə çıxıb. Bu, 1945 və 1962-ci illərdə baş verib. Həmin vaxt keçmiş sakinlər doğma yerlərini görmək üçün şəhərciyə qayıdıblar. Sonuncu dəfə su 2002-ci ildə geri çəkilib və o vaxtdan yaşayış məntəqəsi yenidən gölün altında qalmayıb.
Bu gün burada məktəb pilləkənlərinin qalıqlarını və mağazalardan qalan izləri görmək mümkündür. Turistlər üçün şəhərciyin tarixindən bəhs edən məlumat lövhələrinin yerləşdirildiyi cığır salınıb. Buraya Las-Veqasdan avtomobillə bir saat yarımdan az müddətdə çatmaq mümkündür.
Alimlər bildirirlər ki, şəhərin yenidən üzə çıxması sadəcə maraqlı hadisə deyil, həm də narahatedici əlamətdir. Las-Veqas içməli suyunun təxminən 90 faizini məhz Mead gölündən əldə edir. Buna görə də su anbarında suyun azalması bölgədə quraqlığın nə qədər güclü olduğunu göstərir.
Samir


