Alimlər orta əsrlərə aid əlyazmalarda və heyvan qalıqlarında qoyun çiçəyi virusunun qədim DNT izlərini aşkar ediblər. Tədqiqat nəticələri bu virusun minilliklər əvvəl mövcud olduğunu və zaman ərzində genetik baxımdan nisbətən az dəyişdiyini göstərib.
HİT.az xəbər verir k, araşdırma zamanı 754 nümunə, o cümlədən arxeoloji qoyun qalıqları və qədim perqamentlər tədqiq edilib. Nəticədə virusun 21 yeni genomu müəyyənləşdirilib. Alimlər bunları indiyədək aşkar edilmiş poxvirus ailəsinə aid ən qədim genomlar hesab edirlər.
Virusun DNT-si Avropanın kitabxana və arxivlərində qorunan 17 perqament vərəqində aşkarlanıb. Onların arasında təxminən 990–1020-ci illərdə Kenterberidə hazırlanmış və hazırda York katedralında saxlanılan York İncili də var. Virus izlərinə təxminən 800-cü ilə aid latın qlossarisində, həvari Pavelin məktublarının nüsxələrində və digər orta əsr sənədlərində də rast gəlinib.
Tədqiqatçılar qədim əlyazmalardan nümunə götürmək üçün perqamentin səthini xüsusi üsulla ehtiyatla silib və yaranan tozdan DNT-ni təcrid ediblər. Maraqlıdır ki, virus aşkarlanan 17 vərəqdən 10-u dana, dördü keçi, yalnız üçü isə qoyun dərisindən hazırlanıb. Alimlər bunun səbəbini hələ dəqiq müəyyən edə bilmirlər. Virus DNT-sinin emal prosesində müxtəlif dərilər arasında daşınması və ya sonradan yaranan çirklənmə ehtimalı da nəzərdən keçirilir.
Qoyun çiçəyi ağır virus xəstəliyi hesab olunur. İmmuniteti olmayan sürülərdə yoluxma səviyyəsi 75-90 faizə çata, ölüm göstəricisi isə təxminən 50 faiz ola bilər. Gənc heyvanlarda ölüm halları daha yüksəkdir.
Virusun daha qədim izləri isə əlyazmalarda deyil, qoyun dişlərində aşkar edilib. Onlardan biri Qazaxıstandakı Tunc dövrünə aid Mirjik yaşayış məntəqəsindən tapılıb və təxminən e.ə. 1875-1645-ci illərə aid edilir. Bu isə qoyun çiçəyi virusunun ən azı 3500-3800 il əvvəl mövcud olduğunu göstərir.
Alimlərin fikrincə, qədim kitabxanalar gələcəkdə yoluxucu xəstəliklərin tarixini araşdırmaq üçün mühüm genetik arxiv rolunu oynaya bilər. Heyvan dərisindən hazırlanan perqamentlər minilliklər əvvəl heyvanları yoluxdurmuş virusların DNT izlərini qoruyub saxlaya bilir.
Samir


