Oktyabr ayında Versalda keçiriləcək Ölçülər və Çəkilər üzrə Baş Konfransında əlavə saniyənin tamamilə ləğv edilməsi təklifi müzakirəyə çıxarılacaq. Nəticədə atom saatlarında ölçülən vaxt “bizim” vaxtdan fərqlənəcək, lakin rəqəmsal cihazlar fasiləsiz işləyə biləcək.
İT.az xəbər verir ki, bu barədə “The Times” yazıb.
Qlobal vaxtın qoruyucusu hesab olunan Beynəlxalq Ölçülər və Çəkilər Bürosu hələ 2022-ci ildə 2035-ci ilə qədər əlavə saniyələrin tətbiqindən imtina edilməsinin lehinə səs verib. Oktyabrda keçiriləcək yeni səsvermə bu dəyişikliyin cari ilə keçirilməsinə və əlavə saniyənin əvəzinə “uzun il” saatının tətbiqinə qərar verə bilər.
Əlavə saniyə Yer kürəsinin fırlanması əsasında müəyyən edilən astronomik vaxtla ən dəqiq vaxt ölçüsü olan atom vaxtı arasında fərq yarandıqda atom vaxtına əlavə edilir. Bu əlavədən imtina iki vaxt ölçüsü arasında sinxronluğun pozulmasına gətirib çıxaracaq.
Konfransın nümayəndələri atom və günəş vaxtının yüz illər ərzində bir-birindən fərqlənməsinə imkan verməyi, aradakı fərq 60 dəqiqəyə çatdıqda isə “uzun il” saatı əlavə etməklə onları yenidən sinxronlaşdırmağı təklif edirlər.
Bu təklif Yer kürəsinin nüvəsində baş verən dəyişikliklər səbəbindən planetin fırlanmasının sürətlənməsi ilə əlaqələndirilir. Alimlərin hesablamalarına görə, 2035-ci ilə qədər 30 faiz ehtimalla misli görünməmiş tədbirə – atom və astronomik vaxt arasındakı sinxronluğu qorumaq üçün “mənfi” əlavə saniyənin tətbiqinə ehtiyac yarana bilər. Bu halda saniyə əlavə edilməyəcək, əksinə, bir saniyə çıxılacaq.
Alimlər ilk dəfə tətbiq edilə biləcək belə bir mənfi düzəlişin “kritik infrastrukturun”, maliyyə sistemlərinin və telekommunikasiya şəbəkələrinin işində nasazlıqlara səbəb ola biləcəyindən narahatdırlar. Buna səbəb kompüter sistemlərinin bu cür vaxt dəyişikliklərinə uyğun proqramlaşdırılmamasıdır.
Samir


