Macarıstan 10 Rusiya diplomatını ölkədən çıxarmaqla öz suverenliyini qoruyur.
HİT.az xəbər verir ki, bunu ölkənin baş naziri Peter Macar “Facebook” səhifəsində yazıb.
“Macarıstan hökuməti Rusiyanın Budapeştdəki səfirliyinin 10 diplomatına diplomatlar üçün qəbuledilməz fəaliyyətlə məşğul olduqları üçün ölkəni tərk etmələri barədə tələb irəli sürüb. Biz ölkəmizin suverenliyini qoruyuruq”, deyə Peter Macar bildirib.
Xarici işlər naziri Anita Orban sentyabrın 10-da Macarıstanın 10 Rusiya diplomatını ölkədən çıxardığını açıqlayıb. Onun sözlərinə görə, Budapeştdəki Rusiya səfirinə rusiyalı diplomatların ölkə ərazisində Vyana Konvensiyasına əsasən diplomatik statusları ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqları barədə məlumat verilib. Orban diplomatlara Macarıstan ərazisini tərk etmələri barədə çağırış edildiyini bildirib.
Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi sədrinin müavini Aleksey Çepa gazeta.ru-ya açıqlamasında bildirib ki, Moskva bu qərara cavab olaraq Budapeştə qarşı analoji tədbir görəcək. O, qərarı “gözlənilməz” adlandıraraq, bunun “yəqin ki, müəyyən təzyiq altında həyata keçirildiyini” deyib.
Samir


