Leypsiq hava limanında Ukraynaya məxsus nəqliyyat təyyarələrinə partlayıcı maddələr və pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirilməyə cəhd edilən hücum, Münhendə müdafiə sənayesi müəssisəsinə qarşı törədilən yandırıcı qurğu hücumu – son vaxtlar Almaniyanın kritik infrastrukturuna qarşı hücumların sayı getdikcə artır. Almaniya hökuməti hesab edir ki, bu hücumlar Rusiya dövlətinin tapşırığı ilə həyata keçirilib.
Bəs Almaniya müharibə astanasındadırmı?
HİT.az xəbər verir ki, Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (“BND”) keçmiş rəhbəri Gerhard Şindler baş verənləri narahatlıqla izləyir.
“Bizə qarşı hibrid müharibə kəskinləşir və bu, yalnız başlanğıcdır. Əgər Putin bu istiqamətdə davam edərsə, bu, onun Qərblə hərbi toqquşma ehtimalını nəzərdən keçirdiyi anlamına gəlir”, deyə Almaniya kəşfiyyatının keçmiş rəhbəri “BILD”in “Vertraulich!” podkastında bildirib.
Kiberhücumlar, “birdəfəlik agentlər” vasitəsilə diversiyalar, Baltik dənizində Rusiya hərbçilərinin Bundesverə qarşı təxribat xarakterli hərəkətləri – Şindlerin fikrincə, bütün bunlar bir sınaqdır.
“Bizim müşahidə etdiyimiz hadisələr NATO-nun müttəfiq kimi fəaliyyət göstərmək qabiliyyətinin soyuq sınağıdır. Əgər bu sınaqdan keçə bilməsək, isti mərhələ başlayacaq. Əgər Putin Rusiyanın soyuq sınaqdan isti mərhələyə keçmək üçün kifayət qədər güclü olduğuna qərar versə, bunu edəcək”, – Şindler deyib.
Bununla yanaşı, “BND”nin keçmiş rəhbəri Putinin belə bir qərarın mümkün nəticələri barədə xəbərdarlıq edib:
“Əgər o, NATO ilə müharibəyə başlamaq riskinə gedərsə, sağ qalmaq şansı indiki ilə müqayisədə daha aşağı olacaq”.
Şindler kəşfiyyat xidmətlərində planlaşdırılan və onlara daha geniş səlahiyyətlər verməli olan islahatı müsbət qiymətləndirir.
Yeni qanun layihəsinə əsasən, “müdafiə vəziyyəti” adlandırılan şəraitdə kəşfiyyat əməkdaşlarına “kinetik vasitələrdən” istifadə etmək imkanı veriləcək. Beləliklə, agent təhlükənin qarşısını almaq üçün odlu silahdan, partlayıcı vasitələrdən və ya pilotsuz uçuş aparatlarından istifadə edə biləcək.
Bundan əlavə, kəşfiyyat əməkdaşlarına xaricdə texniki sistemləri sındırmaq, məlumatları dəyişdirmək və ya silmək, analiz üçün süni intellektdən daha fəal istifadə etmək və daha çox kommunikasiya məlumatını saxlamaq səlahiyyəti verilməsi nəzərdə tutulur.
Şindler deyib:
““BND”də təxminən 800 hərbçi çalışır. Onlar Bundesver üçün deyil, ölkəmizin xarici kəşfiyyat xidməti üçün fəaliyyət göstərirlər. Onlar atəş açmağı bacarır, əməliyyatlar keçirə bilir və buna uyğun şəkildə hazırlanırlar”.
Şindlerin fikrincə, rusların təhlükəli silahlarından biri də süni intellektdir.
“Dərin saxtakarlıqlar, yəni aldadıcı dərəcədə real video və audio yazıları gələcəkdə insanları heç vaxt demədikləri sözləri söyləmiş kimi göstərə bilər. Şəkillər mükəmməl şəkildə saxtalaşdırılacaq.
“Kiberhücumlar, dezinformasiya, sosial şəbəkələrin manipulyasiyası və süni intellekt yeni silahlara çevrilib. Əgər insanlar əmin deyillərsə, hökumətin onları qoruya biləcəyinə artıq inanmırlarsa, deməli, ruslar məqsədlərinə çatıb.
“Rəqəmsal dünya vasitəsilə hücum on tankın hücumundan qat-qat təhlükəlidir”, – Şindler vurğulayıb.
Samir


