Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ Prezidenti Donald Trampın Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və bu məsələ bağlanmalıdır.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ liderinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında müzakirələr məhz bu tezis əsasında aparılıb.
“Bu məsələdə müzakirə olunanların mahiyyəti, bunu sizə əminliklə deyə bilərəm, Prezident Trampın Oval kabinetə qayıtdıqdan dərhal sonra Ukrayna məsələsi ilə bağlı ortaya qoyduğu mövqeyə əsaslanır”, deyə Sergey Lavrov “Bolşaya İqra” proqramının efirində bildirib.
“O, ilk növbədə dedi ki, Ukraynanı Şimali Atlantika Alyansına cəlb etməyə cəhd göstərməyi belə unutsunlar. O bildirdi ki, bu, Putindən çox-çox əvvəl aydın idi. Məsələ bağlanıb və onu yenidən gündəmə gətirməyə ehtiyac yoxdur. ABŞ-ın mövqeyinin ikinci elementi isə yerdəki reallıqların tanınmasıdır”, deyə Lavrov əlavə edib.
Stiv Uitkoff və Cared Kuşner sentyabrın 6-da Moskvaya səfər edərək Vladimir Putinlə görüşüblər. “Financial Times” qəzetinin yazdığına görə, onlar danışıqlar üçün Ukraynada sülhlə bağlı yenilənmiş təkliflər hazırlayıblar.
Tərəflər danışıqları konstruktiv adlandırıblar. Bununla yanaşı, “Bloomberg”in məlumatına görə, Rusiya sülhün yalnız öz şərtləri əsasında mümkün olduğunu, bu şərtlərin isə ilk növbədə ərazi məsələlərinə aid olduğunu təkid edib.
Samir


