Müasir Antarktidanın yerləşdiyi ərazidə vaxtilə Himalay dağları boyda nəhəng dağların ucaldığı məlum olub. Avstraliya Milli Universitetinin alimlərinin apardığı araşdırmaya görə, həmin dağların aşınması böyük miqdarda oksigenin ayrılmasına səbəb olub və təxminən 530 milyon il əvvəl heyvanların sürətlə meydana çıxmasına şərait yaradıb.
HİT.az xəbər verir ki, "Earth and Planetary Science Letters" jurnalında dərc olunan tədqiqat çərçivəsində geoloqlar dağ süxurlarından yuyularaq çöküntülərə daşınan davamlı minerallar olan təxminən 9 min sirkon dənəsini təhlil ediblər.
Tərkibində lutesiumun miqdarı az olan kristalların yalnız çox yüksək dağ silsilələrinin təməlində yaranan nəhəng təzyiq şəraitində formalaşdığı məlumdur. Araşdırma göstərib ki, 650-450 milyon il əvvəl Qondvana superqitəsinin formalaşması zamanı Antarktida ərazisində uzunluğu 20 min kilometrdən çox olan dağ sistemi yaranıb. Bu göstərici müasir Alp-Himalay dağ sisteminin uzunluğundan iki dəfədən çoxdur.
Tədqiqatın müəlliflərindən biri, geoloq Yan Kempbell bildirib ki, sirkonlar müxtəlif təzyiq şəraitində formalaşa bilər, lakin lutesiumun aşağı miqdarı yalnız yüksək dağların köklərində yaranan minerallara xasdır.
Mütəxəssislərin hesablamalarına görə, bu nəhəng dağların aşınması nəticəsində fosfor və dəmir okeanlara daşınıb və bu da yosunların sürətli böyüməsini stimullaşdırıb. Mikroorqanizmlər öldükdən sonra onların qalıqları çöküntü süxurlarının qalın təbəqələri altında sürətlə basdırılıb. Bu səbəbdən onlar parçalanaraq oksigeni sərf etməyə macal tapmayıb.
Qədim dağ silsilələrinin mövcud olduğu müddətdə gedən bu proses üzvi maddələrin parçalanmasına sərf olunacaq böyük həcmdə qazın qorunub saxlanmasına səbəb olub. Tədqiqatçıların hesablamalarına əsasən, çöküntülərdə o qədər karbon və kükürd toplanıb ki, bu proses müasir atmosferdəki oksigen ehtiyatından 18 dəfə çox oksigenin sərf olunmasının qarşısını alıb.
Nəticədə yaranan oksigen ehtiyatları okeanların oksigenlə zənginləşməsi üçün kifayət edib. Bu proses təxminən 530 milyon il əvvəl baş verən Kembri partlayışı ilə eyni dövrə təsadüf edir. Kembri partlayışı planetdə müasir heyvanların əksəriyyətinin mənsub olduğu əsas heyvan tiplərinin nisbətən qısa geoloji müddət ərzində meydana çıxması ilə xarakterizə olunan mühüm təkamül hadisəsidir.
Bu kəşfə qədər alimlər atmosferdə oksigen konsentrasiyasının artmasını əsasən fotosintez edən bakteriyaların fəaliyyəti ilə əlaqələndirirdilər. Yeni məlumatlar isə tektonik proseslərin və dağların aşınmasının da iqlimin və atmosferin transformasiyasında mühüm rol oynadığını göstərir.
Qədim Antarktida dağları milyonlarla il əvvəl Yer üzündən silinib. Onlardan yalnız qalın buz təbəqəsinin altında basdırılmış geoloji köklər qalıb. Lakin alimlərin fikrincə, həmin dağların milyonlarla il davam edən geoloji fəaliyyəti planetdə mürəkkəb canlıların yaranmasına əlverişli şəraitin formalaşmasına töhfə verib.
Samir


