2000-ci illərin əvvəlindən bəri həyat tərzi və iqtisadi şərtlərin dəyişməsi bir çox insanların xoşbəxtlik və uğur anlayışına da təsir edib. Vaxtilə yaxşı həyatın göstəricisi hesab olunan bəzi vərdişlər isə indi əlavə stress və yorğunluq mənbəyinə çevrilib.
HİT.az xəbər verir ki, “YourTango” millennial nəslinin əvvəllər xoşbəxtlik və rifahın açarı hesab etdiyi, lakin zamanla yorucu olduğunu düşündüyü 11 məqamı açıqlayıb.
1. Ev almaq. Millenniallar öz evinə sahib olmağı uğurun əsas göstəricilərindən biri kimi qəbul edirdilər. Lakin mənzil almağın yüksək xərcləri və uzunmüddətli maliyyə öhdəlikləri bu arzunu bir çoxları üçün stress mənbəyinə çevirib.
2. Əlavə qazanc əldə etmək. Hobbiləri gəlir mənbəyinə çevirmək və daim daha çox qazanmağa çalışmaq əvvəlcə uğur modeli kimi görünürdü. Lakin bu yanaşma insanların iş və şəxsi həyat arasında balansını pozaraq tükənməsinə səbəb ola bilər.
3. Minimalizm. Evi və həyatı daim sadələşdirmək, artıq əşyalardan qurtulmaq rahatlıq gətirməli idi. Ancaq hər şeyi diqqətlə seçmək və daim nəyisə evdən çıxarmaq əlavə zəhmət tələb edir.
4. Ev bitkiləri yetişdirmək. Bitkilər interyeri gözəlləşdirsə də, onların suvarılması, qulluq və digər ehtiyacları vaxt tələb edir. Çox sayda bitkiyə sahib olmaq bəzi insanlar üçün gözlənilməz iş yükünə çevrilib.
5. Sevdiyin işin arxasınca getmək. İnsanların öz maraq və ehtiraslarını peşəyə çevirməsi xoşbəxtlik gətirən seçim kimi təqdim olunurdu. Lakin sosioloq Erin Çeçin fikrincə, işi sevmək müasir əmək bazarının yaratdığı stressdən tam qorunmağa zəmanət vermir.
6. Özünə kiçik hədiyyələr almaq. Vaxtaşırı özünü sevindirmək xoş hiss yaratsa da, bunu davamlı vərdişə çevirmək zamanla həmin əşyaların əvvəlki sevinc hissini itirməsinə gətirib çıxara bilər.
7. Ekoloji şüurlu istehlak. Ekoloji və sosial məsuliyyət prinsiplərinə uyğun məhsullar almaq daha məsuliyyətli seçim hesab olunur. Lakin bu məhsulların daha baha olması və onları seçmək üçün əlavə vaxt tələb edilməsi prosesi yorucu edə bilər.
8. Arzu lövhələri hazırlamaq. Məqsədləri və gələcək planları vizual şəkildə toplamaq bir vaxtlar motivasiya üsulu kimi məşhur idi. Lakin hər həyat sahəsi üçün ayrıca məqsədlər müəyyənləşdirmək bəzi insanlar üçün əlavə təzyiq yarada bilər.
9. Kəkilli saç düzümü. Kəkil bir çox millennial qadın üçün imic dəyişikliyinin simvoluna çevrilmişdi. Ancaq onun hər gün ideal formada saxlanılması gözlənildiyindən daha çox vaxt və zəhmət tələb edirdi.
10. Sosial şəbəkələrdə aktiv olmaq. Millenniallar rəqəmsal ünsiyyətin geniş yayıldığı ilk nəsillərdən biri olub. Sosial şəbəkələr əlaqə saxlamağı asanlaşdırsa da, daim onlayn olmaq və ideal görünən profil yaratmağa çalışmaq yorğunluq yarada bilər.
11. Dəriyə qulluq. Dəriyə qulluq rutinləri getdikcə daha mürəkkəb və çoxmərhələli olub. Kosmetik vasitələrə çox pul və vaxt sərf etmək isə bəzi insanlar üçün özünə qulluqdan daha çox əlavə öhdəliyə çevrilib.
Samir


