Android telefonları sürətləndirən gizli funksiya - Bu addımları atın

TEXNO
20:39 / 30.09.2026
53

Android smartfonunuz əvvəlki kimi sürətli işləmirsə, sistemdəki bir gizli parametri dəyişməklə interfeysin daha çevik görünməsinə nail olmaq mümkündür.

HİT.az xəbər verir ki, “Engadget”in məlumatına görə, bütün Android smartfonlarında sistem animasiyalarının sürətini dəyişmək funksiyası mövcuddur. Bu imkan “Tərtibatçı seçimləri” adlı gizli menyuda yerləşir.

Funksiyanı aktivləşdirmək üçün “Parametrlər” bölməsindən “Telefon haqqında” menyusuna daxil olmaq və “Build nömrəsi” (“Nömrə yığımı”) bölməsini tapmaq lazımdır. Bu seçim bəzi smartfonlarda “Proqram təminatı versiyası” kimi bölmələrin daxilində yerləşə bilər.

“Build nömrəsi” üzərinə ardıcıl olaraq 7 dəfə toxunduqdan sonra tərtibatçı rejiminin aktivləşdirildiyi barədə bildiriş görünəcək. Daha sonra əsas parametrlərə qayıdaraq “Tərtibatçı seçimləri” bölməsini açmaq mümkündür.

Burada “Rəsm” və ya oxşar adlı bölmədə üç parametrə diqqət yetirmək lazımdır:

* Pəncərə animasiyası;
* Keçid animasiyası;
* Animasiya müddəti.

Adətən bu parametrlərin hər biri 1x olaraq təyin edilir. Onları 0,5x səviyyəsinə endirdikdə animasiyalar təxminən iki dəfə daha sürətli göstərilir. Nəticədə telefonun kilidinin açılması, tətbiqlərin işə salınması və proqramlar arasında keçid daha çevik görünə bilər.

Lakin bu dəyişiklik smartfonun real texniki məhsuldarlığını artırmır. Sadəcə animasiyaların müddətini qısaldaraq interfeysin istifadəçiyə daha sürətli reaksiya verdiyi təəssüratını yaradır.

Bəzi büdcə və köhnə Android modellərində isə həddindən artıq sürətli animasiyalar əks nəticə verə bilər. Çünki animasiyalar tətbiqlərin və menyuların yüklənməsi zamanı yaranan qısa gecikmələri gizlədir. Buna görə 0,5x parametrindən istifadə etdikdə bəzi cihazlarda menyular və proqramlar animasiya bitənədək tam yüklənməyə bilər.

Həmçinin nəticə smartfonun istehsalçısından və istifadə etdiyi Android interfeysindən asılıdır. Buna görə parametrləri dəyişdikdən sonra cihazın işləməsində problem yaranarsa, əvvəlki 1x göstəricilərinə qayıtmaq mümkündür.

Samir

0