Ukraynaya qarşı müharibənin başlamasından dörd ildən çox vaxt keçdikdən sonra Rusiya getdikcə daha böyük risklərə gedir və “cüzi ərazi qazancı naminə ağır itkilər” verir. Eyni zamanda Qərb ölkələrinə qarşı təxribat və kiberhücumları gücləndirir. Bu barədə Danimarka kəşfiyyatının hesabatında deyilir.
HİT.az xəbər verir ki, məlumatı “Axios” yayıb.
Qeyd olunur ki, sentyabrın 24-də Danimarka Müdafiə Kəşfiyyatı Xidməti Rusiyadan gələn “təhlükə” ilə bağlı qiymətləndirməsini dərc edib. Hesabat hazırlanarkən NATO-nun hava məkanına son dövrlərdə baş vermiş dron və raket müdaxilələri, eləcə də Baltik dənizində freqat və helikopterlə bağlı insident nəzərə alınıb.
Hesabatda Rusiyanın aqressiv davranışına Ukrayna Prezidenti Volodimir Zelenskinin “uzaq mənzilli sanksiyalar” adlandırdığı, yəni Rusiyanın kritik infrastrukturuna endirilən uğurlu zərbələrin təsir göstərdiyi bildirilir.
Kəşfiyyat nümayəndələrinin sözlərinə görə, Rusiya iqtisadiyyatı “ciddi böhran” həddindədir. Buna qismən müdafiə xərcləri və beynəlxalq sanksiyalar səbəb olub.
Məlumata görə, genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya Silahlı Qüvvələrinin itkiləri 1 milyonu ötüb. Bu ilin yayında isə itkilərin yeni cəlb olunan hərbçilərin sayını üstələdiyi bildirilirdi.
Analitiklər Rusiya Prezidenti Vladimir Putinin qonşu ölkələrə və Ukraynanın tərəfdaşlarına qarşı hücumları davam etdirəcəyini gözləyirlər. Bununla belə, Danimarka kəşfiyyatı NATO üzvü olan hər hansı ölkəyə qarşı yaxın gələcəkdə işğala hazırlıqla bağlı “heç bir əlamət” aşkar etməyib.
Samir


