Məktəblinin yay tətilindən sonra dərs göstəricilərinin kəskin şəkildə pisləşməsi onun oxumaq istəyinin olmamasından deyil, ətrafındakı insanlarla münasibətlərdən və tətil zamanı baş verən hadisələrdən qaynaqlana bilər.
HİT.az xəbər verir ki, bu barədə ailə psixoloqu Yekaterina Bezumnova Life.ru-ya bildirib.
“Əgər hər il əla qiymətlər alan şagird yeni tədris ilində qəfil üç qiymətləri almağa başlayıbsa, ilk növbədə yaş amili əhəmiyyət daşıyır. Uşaqlar yeniyetməlik dövrünə keçəndə onlarda hormonal dəyişikliklər baş verir və onlar dəyişirlər. İkincisi, yay ərzində ailədə, dostlarla və ya şagird idmançıdırsa, getdiyi təlim-məşq toplanışlarında nələrin baş verə biləcəyini təhlil etmək lazımdır”, deyə mütəxəssis izah edib.
Onun sözlərinə görə, məktəblinin əks cinslə münasibətləri də dərs göstəricilərinin dəyişməsinə təsir göstərə bilər. Valideynlər həmçinin tətil zamanı uşağın başına gələ biləcək xoşagəlməz halları nəzərə almalıdırlar. Digər səbəb isə şagirdin yeni dost çevrəsi və ünsiyyət qurmağa başladığı insanların təsiri ola bilər.
Psixoloq vurğulayıb ki, qiymətlərin pisləşməsinə görə valideynlərin uşaqla mübarizə aparması düzgün deyil. Bunun əvəzinə məktəbli ilə söhbət etmək, baş verənlərin səbəblərini öyrənmək və onun hansı yardıma ehtiyacı olduğunu müəyyənləşdirmək lazımdır. Uşaqla razılığa gəlmək və onun başına konkret olaraq nələrin gəldiyini öyrənmək vacibdir.
İlk növbədə bu məsələ ilə valideynlər məşğul olmalıdır, çünki uşağa görə məsuliyyət məhz onların üzərinə düşür. Bundan sonra söhbətə müəllimləri, sinif rəhbərini və pedaqoq-psixoloqu cəlb etmək olar, — ekspert bildirib.
Samir


