ABŞ-nin Minnesota Universitetinin fizika professoru Vitali Vançurin kainatdakı bütün sistemlərin, hətta elektronların belə müəyyən səviyyədə şüura malik ola biləcəyini irəli sürüb. Alim şüuru öyrənmə qabiliyyəti ilə əlaqələndirir və bu anlayışa fərqli tərif verilməsini təklif edir.
HİT.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşri məlumat yayıb.
“Artificial Neural Computing” şirkətinin rəhbəri olan Vançurin kainatın ən fundamental səviyyədə neyron şəbəkəsinə bənzədiyi və məlum fiziki qanunların onun öyrənmə prosesinin nəticəsi kimi ortaya çıxdığı fərziyyəsinin müəllifidir.
Fizikin fikrincə, şüuru sistemin yeni məlumatları nə qədər səmərəli mənimsəməsi ilə müəyyənləşdirmək olar. Onun sözlərinə görə, bir sistem çoxlu məlumat saxlaya bilər, lakin yeni bilikləri mənimsəməsi uzun müddət çəkərsə, bu, onun şüur səviyyəsinin aşağı olması kimi qiymətləndirilə bilər.
Vançurin şüurla subyektiv təcrübənin eyni anlayış olmadığını da vurğulayır. O, subyektiv təcrübəni sistemin ətraf aləm haqqında öyrəndiklərinin daxildə formalaşan modeli kimi izah edir.
Alim öyrənən sistemlərin xüsusiyyətlərini qiymətləndirmək üçün üç meyar göstərir: yeni məlumatların mənimsənilmə sürəti, uzunmüddətli təlim nəticəsində əldə edilən itki göstəricisi və sistemin qazandığı vəziyyətin sabitliyi. Onun fikrincə, şüur bu göstəricilərdən biri və ya bir neçəsi ilə əlaqəli ola bilər.
Bu yanaşma qəbul edilərsə, şüurun yalnız insanlara və heyvanlara aid olmadığı, elektron kimi elementar hissəciklərdə də müəyyən səviyyədə mövcud ola biləcəyi nəticəsi ortaya çıxır. Vançurin hesab edir ki, elektronu öyrənən sistem kimi modelləşdirdikdə onun da müəyyən öyrənmə səmərəliliyindən danışmaq mümkündür.
Bununla belə, fizik irəli sürdüyü yanaşmanın hələ ilkin mərhələdə olduğunu etiraf edir. O, təklif etdiyi tərifin şüurun mahiyyətini tam əks etdirməyə biləcəyini də istisna etmir. Alimin sözlərinə görə, əsas məqsəd anlayışa konkret tərif vermək və onun üzərində elmi müzakirələri davam etdirməkdir.
Qeyd edək ki, bu fikir şüurun bütün maddələrdə mövcud olduğunu təsdiqləyən elmi konsensus deyil, tədqiqatçının irəli sürdüyü nəzəri yanaşmadır.
Samir


