Atom ölçüsündə olan ilkin qara dəlik ulduzun daxilinə daxil olaraq onu tamamilə məhv edə və ya güclü partlayışa səbəb ola bilər. Alimlər bu qənaətə Günəşə bənzər ulduzlarla belə kosmik obyektlərin qarşılıqlı təsirini modelləşdirdikdən sonra gəliblər.
HİT.az xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun astrofiziklərinin apardığı tədqiqatın nəticələri “The Astrophysical Journal” elmi jurnalında dərc olunub.
İlkin qara dəliklər Böyük Partlayışdan sonrakı ilk anlarda maddənin sıxlığında baş verən dəyişikliklər nəticəsində yarana biləcəyi ehtimal edilən hipotetik obyektlərdir. Ölçüləri atomla müqayisə olunsa da, kütlələri asteroidin, hətta Ayın kütləsinə çata bilər. Alimlər onların qaranlıq maddənin müəyyən hissəsini təşkil edə biləcəyini düşünürlər. Lakin indiyədək mövcudluqları elmi şəkildə təsdiqlənməyib.
Tədqiqat zamanı alimlər belə bir qara dəliyin ulduzun daxilinə düşəcəyi halda hansı proseslərin baş verəcəyini modelləşdiriblər. Hesablamalara görə, qara dəlik ətrafındakı qazı udaraq tədricən ulduzun mərkəzinə doğru hərəkət edəcək. Sonrakı hadisələr isə ulduzun fırlanma sürətindən asılı olacaq.
Əgər ulduz yavaş fırlanırsa, qara dəlik onun maddəsini udmağa davam edərək sonda bütün ulduzu məhv edə bilər. Bu prosesin milyonlarla il davam edə biləcəyi bildirilir.
Lakin sürətlə fırlanan ulduzlarda vəziyyət fərqli ola bilər. Alimlərin modelinə əsasən, qara dəliyin ətrafında qaz diski yaranacaq. Bu diskin maqnit sahəsi güclü plazma axınları – reaktiv şırnaqlar formalaşdıraraq ulduzu parçalaya və partlayışa səbəb ola bilər.
Tədqiqatçılar hesab edirlər ki, bu ssenari ilkin qara dəliklərin aşkarlanmasına da kömək edə bilər. Hazırda alimlər belə partlayışın necə görünəcəyini və onu digər ulduz partlayışlarından hansı əlamətlərlə fərqləndirməyin mümkün olacağını araşdırırlar.
Samir


