Finlandiya və Norveç Putinə mesaj çatdırmaq üçün rusiyalı oliqarxdan istifadə edib - WSJ

DÜNYA
16:38 / 26.11.2026
37

Finlandiya prezidenti Aleksandr Stubb və Norveçin baş naziri Yonas Qar Störe Rusiya prezidenti Vladimir Putinlə əlaqə yaratmaq üçün Kremllə yaxın münasibətləri olan rusiyalı oliqarxa müraciət ediblər. Məqsəd Moskvanın Baltik dənizində mümkün blokada ilə bağlı narahatlıqlarını azaltmaq olub.

HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Məlumata görə, hər iki ölkə NATO üzvü olmasına baxmayaraq, onların liderləri Rusiya ilə mümkün qarşıdurmanın qarşısını almaq üçün qeyri-rəsmi diplomatik kanallardan istifadə etməyə çalışıblar.

Rəsmi olaraq Putinlə telefon danışığının əsas mövzusu Ukraynada sülh məsələsi olsa da, Stubb və Störe Finlandiya körfəzində gəmiçiliyin təhlükəsizliyini də müzakirəyə çıxarıblar. Onlar Rusiya liderini NATO-nun sülh dövründə Baltik dənizini bloklamaq niyyətində olmadığına inandırmağa çalışıblar.

Nəşrin mənbələri bildiriblər ki, Baltik dənizi Moskva ilə Qərb arasında potensial gərginlik ocaqlarından birinə çevrilib. Finlandiya və Norveç rəhbərliyi Rusiyanın mühüm dəniz nəqliyyatı marşrutlarının bağlanacağı ilə bağlı narahatlığının daha böyük qarşıdurmaya səbəb ola biləcəyindən ehtiyat edib.

Moskvanın bu istiqamətdəki narahatlığı Rusiyanın sanksiyalara məruz qalan neft tankerlərini hərbi gəmilərlə müşayiət etməyə başlaması ilə də özünü göstərib. Bundan sonra Rusiya nefti daşıyan tankerlərin saxlanılması halları da dayanıb.

WSJ-nin yazdığına görə, Qərb diplomatları Rusiyanı blokada planının olmadığına inandırmağa çalışsalar da, Stubb bu mesajların birbaşa Putinə çatacağına əmin olmayıb. Buna görə də Finlandiya və Norveç rəhbərliyi Kremlə birbaşa çıxışı olan rusiyalı oliqarxla əlaqə saxlayıb.

Həmin şəxs əvvəlcə Norveçə gedərək yüksək vəzifəli rəsmilərlə məsləhətləşib, daha sonra Moskvaya qayıdaraq mesajı Putinə çatdırıb. Bir neçə gün sonra isə iki ölkə liderinin Rusiya prezidenti ilə telefon danışığı təşkil olunub.

Finlandiya körfəzində Rusiya gəmisinə hücum

Qeyd edək ki, noyabrın 21-də Finlandiya körfəzində Rusiyaya məxsus "Sparta II" yük gəmisinə dron hücumu nəticəsində yanğın baş verib. Rusiya Müdafiə Nazirliyinin yüklərini daşıyan "Oboronlogistika" dövlət şirkətinə məxsus gəmi ABŞ və Ukraynanın sanksiya siyahısındadır.

Finlandiyalı xilasedicilərin köməyi ilə yanğın söndürülüb, daha sonra gəmi Sankt-Peterburq limanına yedəklənib.

Mütəxəssislərin bildirdiyinə görə, həmin gəmi əvvəllər Suriyadan Rusiyaya hərbi yüklərin daşınmasında da istifadə olunub. 2022-ci ildə onun vasitəsilə Ukrayna ərazisinə hücumlarda istifadə edilən S-300 sistemləri üçün raketlər daşınıb.

Samir
 

0