Bələdiyyələrin yığa bilmədiyi vergilərin büdcəyə transferi - TƏKLİF

İQTİSADİYYAT
17:20 / 13.03.2021
1715

Hazırda tətbiq edilən 3 yerli vergi növünün dövlət vergilərinə aid edilməsi təklif olunur. 

Valyuta.az xəbər verir ki, bu fikri iqtisadçı Qalib Toğrul irəli sürüb. Onun sözlərinə görə, fiziki şəxslərin ödədiyi əmlka və torpaq vergisi, eləcə də mədən vergisi yeni status alaraq dövlət büdcəsinə ödənilərsə, onların toplanması yaxşılaşa bilər: 

"Vergitutma bazasının genişləndirilməsi, dövlət büdcəsi gəlirlərinin artırılması məqsədilə hazırda qanunvericiliklə yerli vergi və ödənişlər hesab olunan 3 vergi və 1 ödənişin dövlət vergilərinə aid olunmasını təklif edirəm. Onlardan biri fərdi sahibkarların sahibkarlıq məqsədilə istifadə etdikləri binaların əmlak vergisidir.  Hazırda vergi ödəyicisi olub-olmamasına rəğmən bütün fiziki şəxslər əmlak vergisini yerli büdcəyə ödəyirlər. Bura həm yaşayış, həm də qeyri-yaşayış sahələri daxildir. Bu verginin ödəyiciləri əmlak sahibi olan vətəndaşlar və fiziki şəxs sahibkarlardır. Hazırda ölkəmizdə fəaliyyət göstərən 1607 bədələdiyyənin çox kiçik bir hissəsi (bəzi şəhər və qəsəbə bələdiyyələri) fiziki şəxs sahibkarlardan əmlak vergisi toplaya bilirlər. Əgər fərdi sahibkarların əmlak vergisi (onlar hüquqi şəxslərdən fərqli olaraq ancaq istifadə etdikləri binalara görə vergi ödəməlidirlər) dövlət vergisi hesab olunsa, həm vergitutmada ədalətlilik (bərabərlik) prinsipinə əməl olunar, həm də büdcəyə əlavə vəsait daxil olar”.

Q.Toğrul sahibkarlıq məqsədilə (sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və sair) istifadə olunan torpaqlara görə fiziki şəxslərin ödədiyi torpaq vergisinin də büdcəyə ödənilməsini təklif edib. Bu sahədəki vəziyyətin əmlak vergisi sahəsindəki durumdan ciddi fərqlənmədiyini bildirib: 
"Verginin toplanması ilə bağlı ciddi çətinliklər var. Yaxşı olar ki, paralel şəkildə bu kateqoriya istisna olmaqla, digər totpaqlara – təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları və yşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlara görə ödənilən verginin dərəcəsi də artırılsın”.
İqtisadçı büdcəyə ödənilməsini təklif etdiyi 3-cü verginin yerli büdcələrə ödənilən mədən vergisi (kərpic-kirəmit gilləri, tikinti qumları və çınqıl xammalına görə mədən vergisi) olduğunu deyib. Vaxtilə bir vətəndaş cəmiyyəti təmsilçisi kimi Azərbaycanın müxtəlif regionlarında mədən vergisi toplamalı olan, lakin bunu bacarmayan bələdiyyələrlə işlədiklərini qeyd edib: 

"Hətta onlara bu sahədə köməklik göstərməyə cəhd etmişik. Alınmayıb, çünki həmin obyektlərin hər biri hansısa məmura bağlıdır. Qeyd edim ki, bəzi bələdiyyələrin bundan öz xeyrinə, sui-istifadə etməsi hallarına da (alınan rüşvət hesabına mədən vergisinin bələdiyyə büdcəsinə ödəməkdən yayınma) şahid olmuşuq”.   

Q.Toğrul eyni zamanda bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlərin də  dövlət büdcəsinə ödənilməsini təklif edib. Bu ödənişin toplanmasında da ciddi çətinliklərin olduğunu vurğulayıb. Həmin ödənişin dünyada uyğun təcrübələrə əsaslanaraq turizm vergisi şəklində dövlət büdcəsinə cəlb etməyin mümkünlüyünü deyib: 

"Qeyd olunan yerli vergilərin və ödənişin dövlət vergilərinə aid edilməsi sayəsində dövlət büdcəsindən bələdiyyələrə ayrılan subvensiyanın məbləğini artırmaq olar. Dövlət büdcəsindən bələdiyyələrə 2019-cu ildə 1,0 milyon manat, 2020-ci ildə 1,2 milyon manat,  2021-ci ildə isə 1,3 milyon manat sunbensiya ayrılıb. 2019-cu ildə 4 bələdiyyə, 2020-ci ildə isə 6 bələdiyyə  subvensiya ala bilib. Dövlət büdcəsindən ayrılan subvensiya məbləğinin artması subvensiya ilə əhatə olunan bələdiyyələrin sayının dəfələrlə artmasına imkan verər, yerli özünüidarəetmə orqanları arasında rəqabəti və təşəbbüskarlığı təşviq edərdi”.

0