Xanhüseyn Kazımlının adı növbəti qalmaqalda - Məhkəmə işi

İQTİSADİYYAT
11:20 / 06.09.2021
2898

Keçmiş deputat vətəndaşı necə aldadıb?

Keçmiş deputat, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı bu dəfə sahibkar Elşən Ələkbərovu aldatmaqda ittiham olunur.

Hit.Az-ın “24 saat”-a istinadla verdiyi xəbərə görə, o, Elşən Ələkbərov adlı sahibkara 56 000 AZN borclu olsa da, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Bu barədə sayta E. Ələkbərovun özü məlumat verib. Onun sözlərinə görə, bir neçə il əvvəl Ruslan Abdullayev adlı şəxslə müştərək qaydada “Balaca Günəş” MMC adlı şirkət təsis edib.

XANHÜSEYN KAZIMLI İLƏ İLK TANIŞLIQ

“Ruslan Abdullayev geoloq idi. Onu şirkətə şərik etməyimin əsas səbəbi də bu idi. Təsis etdiyimiz şirkət daş, qum-çınqıl və gips istehsalı ilə məşğul olmalı idi. Bu məqsədlə Xızı rayonunda 400 hektara yaxın ərazi aldıq. Daha sonra isə Ruslan Abdullayev Abşeron rayonunda gips yatağı aşkarlamışdı. Ona görə də orada 22 hektar ərazini icarəyə götürdük”, – deyə Elşən Ələkbərov bildirib. Onun sözlərinə görə, işlər Ruslan Abdullayevin Xanhüseyn Kazımlı ilə tanışlığına qədər yaxşı gedib. Adıçəkilən geoloq keçmiş deputatla tanış olduqdan sonra isə onun da şirkətə ortaq olmasını təklif edib. Elşən Ələkbərov Xanhüseyn Kazımlını öz payına ortaq etmək niyyətində olmadığını şəriyinin diqqətinə çatdırıb: 

“Biz Ruslan Abdullayevlə 50/50-yə işləyirdik. O təklif edirdi ki, Xanhüseyn Kazımlı da bizimlə bərabər qaydada şərik olsun. Mən isə ona bildirdim ki, keçmiş deputatı öz payına şərik edə bilər. Beləliklə, Ruslan Abdullayev Xanhüseyn Kazımlını öz payına şərik etdi”. Bundan sonra Elşən Ələkbərov şəxsən Xanhüseyn Kazımlı ilə görüşüb. Keçmiş deputat onu əmin edib ki, qurduqları biznesdə onların yanında olacaq, onlara hər cür dəstək verəcək. “Halallıqdan, dürüstlükdən danışdı. Beləliklə, onunla razılaşdıq” deyən Elşən Ələkbərov əlavə edib ki, sonradan Xanhüseyn Kazımı fikrini dəyişib.

ŞİRKƏTİ180 MİN MANATA OĞLUNA ALIR

“Milli Məclisdə onunla görüşdüm. Dedi ki, mən sizinlə ortaq ola bilmərəm. Mənə təklif etdi ki, payımı ona satım. Mən də payımı 200 000 manata sata biləcəyimi dedim, lakin o, 180 min manata ala biləcəyini dedi və bu rəqəmin üzərində razılaşdıq”, – deyə vətəndaş bildirib. Xanhüseyn Kazımlı qiymətlə razılaşdıqdan sonra deputat olduğu üçün onunla yox, oğlu Samir Kazımlı ilə nisyə alqı-satqı müqaviləsi imzalanıb.

XANHÜSEYN KAZIMLI ZƏNGLƏRƏ CAVAB VERMİR

Keçmiş deputat əvvəlcə 90 000 AZN ödəyib: “Pulun qalanını da xırda-xırda verməyə başladı. Nəhayət, 56 000 manat borc qaldı. Bundan sonra Xanhüseyn Kazımlı borcunu ödəməkdən imtina etdi. Özü əvvəllər “bir az səbrli ol, hamısını verəcəyəm” desə də, sonralar telefonlara cavab vermədi. Əvəzində oğlu Samir Kazımlı mənə dedi ki, hara istəyirsən şikayət elə, vermirik”.

Bundan sonra digər ortaq Ruslan Abdullayev Xanhüseyn Kazımlının digər oğlu,  İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri Fəxri Kazımovla dəfələrlə görüşüb və sonuncu borcu Samirin deyil, onun özünün geri qaytaracağını bildirib. Lakin o da vədinə əməl etməyib.

Bundan sonra Samir Kazımlıyla sahibkarın yolu məhkəmə prosesində kəsişib. Elşən Ələkbərov birinci məhkəmə instansiyasında qalib gəlib.

Samir Kazımlı apellyasiya şikayəti versə də, təmin olunmayıb. Beləliklə, borcun ödənilməsi məhkəmə qərarı ilə təsbit edilib.

“Amma neçə ildir ki, məhkəmə qərarı icra olunmur. Dəfələrlər icra şöbəsinə müraciət etmişəm. Sahib adlı məhkəmə icraçısı gah deyir tapa bilmirik, gah deyir hansısa əmlakını tapmışıq ona həbs qoyub borcunu ödətdirəcəyik. Amma deyilənlər quru sözdən başqa bir şey deyil. Ona görə də məcbur olub məsələni ictimailəşdirmək qərarına gəldim”, – deyə Elşən Ələkbərov vurğulayıb.

O, Xanhüseyn Kazımlıdan borcunu almaq üçün sona qədər mübarizə aparacağını bildirib: “Ölkə rəhbərliyinə də müraciət edəcəm. Mən halal pulumu istəyirəm. Ortada məhkəmə qərarı var. Xanhüseyn Kazımlı ahıl adamdır, illərlə deputat olub, indi onun özünü bu sayaq aparması təəssüf doğurur”.

Sayt məsələ ilə bağlı Xanhüseyn Kazımlı ilə əlaqə saxlamağa cəhd edib. Dəfələrlə keçmiş deputatın mobil nömrəsinə zəng vurulsa da, onunla təmas qurmaq mümkün olmayıb. Bu əsnada məlum olub ki, Samir Kazımlıdan müxtəlif vaxtlarda xeyli sayda bu cür şikayətlər olub və onların böyük əksəriyyəti məhkəmə qərarı ilə təsdiqlənib. başqa sözlə, Xanhüseyn Kazımlının pulunu tam ödəmədən ələ keçirməyə çalışdığı biznesləri “qurbanlıq” oğlu Samir Kazımlının adına rəsmiləşdirdiyinə dair ittihamlar mövcuddur.

Mövzunu diqqətdə saxlayacağıq.

1