160 illik tarixi olan Türkiyə bankı Azərbaycanda da böyüməyə davam edir

İQTİSADİYYAT
17:41 / 26.04.2022
1061

Azərbaycanla Türkiyə arasında, xüsusilə son illərdə yaxınlaşmanın xeyli intensivləşməsi, münasibətlərin dərinləşdirilməsi və əlaqələrin genişləndirilməsi "Bir millət, iki dövlət” prinsipini qəbul edənləri, doğrudan da, qürurlandırır.

İki qardaş ölkə arasında bütün sahələri əhatə edən əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir və bu çərçivədə mövcud potensialdan səmərəli istifadə olunması üçün bütün imkanlar dəyərləndirilir.

Azərbaycan-Türkiyə əlaqələrində inkişafın müşahidə edildiyi sahələr sırasında bank sektoru da var. Öz seqmentlərində geniş təcrübəyə malik olan Türkiyə bankları son 30 ildə Azərbaycanın müvafiq sektorunda öz fəallıqları ilə seçilməkdədirlər. Bununla belə, onların hamısının Azərbaycanın bank sektorunda möhkəmləndiklərini və dinamik inkişaf yolu ilə irəlilədiklərini söyləmək çətindir.

Lakin əlamətdar haldır ki, Azərbaycanda fəaliyyətə başladıqları ilk dönəmdən fəaliyyətini düzgün quran və çətin sınaqlardan çıxaraq, reputasiya və dayanıqlılığını qoruyaraq böyüməkdə davam edən Türkiyə bankları da mövcuddur. 

"Ziraat Bank Azərbaycan” onların sırasında xüsusi qeyd oluna biləcək maliyyə qurumudur.

Türkiyənin uyğun sektoruna təqribən 160 il əvvəl daxil olan bu bank öz fəaliyyəti dövründə müsbət dinamikası ilə fərqlənib. Hər halda, bankın mövcudluq tarixi uğurlu iş quruculuğunu təsdiqləyən ən əsas göstərici olaraq diqqəti cəlb edir. O baxımdan, 2014-cü ildə ölkəmizin bank sektoruna daxil olan "Ziraat Bank Azərbaycan”ın uğurlu fəaliyyəti təəccüb doğurmamalıdır.

Bankın 2022-ci ilin ilk rübünə aid göstəricilərinə nəzər saldıqda müsbət dinamikanın davam etdiyini görə bilirik. Hesabata əsasən, kredit portfelində və cəlb edilmiş əmanətlərdə əhəmiyyətli artım qeydə alınıb. Belə ki, ötən ilin sonu ilə müqayisədə kredit portfelində 14,45 faiz, əmanət portfelində isə 17,93 faiz artım müşahidə edilib. "Ziraat Bank Azərbaycan”ın aktivləri də ötən ilin sonu ilə müqayisədə 15,8 faiz artaraq 449 mln 370 min manata yüksəlib. Bankın cəmi kapitalı isə ötən ilin sonu ilə müqayisədə 19 milyon manat artaraq 101 milyon manatı keçib. Təqdim edilən maliyyə nəticələrinə əsasən, "Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti ötən ilin I rübü ilə müqayisədə 4 dəfə artaraq 2 mln manatdan çox olub. Qısacası, Türkiyənin dövlət bankı olan "Ziraat Bank Azərbaycan” dünyada cərəyan edən neqativ maliyyə-iqtisadi xarakterli proseslərə baxmayaraq, inkişaf tempini Azərbaycanda qoruya bilib, daha da böyüyüb.

Xüsusi qeyd etmək yerinə düşər ki, "Ziraat Bank Azərbaycan” son 1 ildə 60-dan çox şəxsi işlə təmin edib. Yəni Türkiyənin dövlət bankının 170-ə yaxın əməkdaşından sadəcə 3-ü qardaş ölkənin pasportunu daşıyır. Bunun özü belə fakt olaraq çox önəmli detaldır…

Bunlardan başqa, "Ziraat Bank Azərbaycan” möhtəşəm zəfərlə başa çatdırılan 44 günlük Vətən müharibəsində ölkə iqtisadiyyatına verdiyi dəstəklə gerçək örnəyə çevrildi. Həmçinin müharibədən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəlik dəstəyi, "YAŞAT” Fonduna keçirdiyi vəsaitlər, müxtəlif sosial layihələrin həyata keçirilməsinə verdiyi töhfələr, fərqli fəaliyyət sahələrinin dayanıqlı inkişafında yaxından iştirak "Ziraat Bank Azərbaycan”ın geniş ictimaiyyətə görünməyən müsbət fəaliyyətinin sadəcə bir hissəsidir.

Aqil Ələsgər

0