29 mayda Azərbaycanda ilk dəfə çiyələk festivalı keçiriləcək - FOTOLAR

İQTİSADİYYAT
10:22 / 19.05.2022
1174

Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Cəlilabad rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı, satışı və ixracının təşkil edilməsi üzrə işlər daim diqqət mərkəzində saxlanılır.  

HİT.az xəbər verir ki, 17 may 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətində  çiyələk istehsalı və ixracının təşkili ilə bağlı fermerlərlə görüş keçirilib.

Görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nazim Şükürov, Cənub ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 6 saylı Regional bölməsinin müdiri Nurlan Məmmədov, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Bölməsinin rəisi Samid Ağayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatoru Aqil Qurbanov, Azərbaycan giləmeyvə istehsalçıları və ixracatçıları asossasiyası ictimai birliyinin sədri Nemət Seyfullayev, çiyələk istehsalçısı və ixracatçısı olan sahibkarlar Mirağa Həsənov, Mirismayıl Quliyev, Ağaqulu Hüseynov, Vüqar Musayev və Şahin Axundov iştirak ediblər. 

Rafiq Cəlilov görüşdə çıxış edərək  2021-ci ildə  490 hektar sahədən 12440 ton çiyələk istehsal edildiyini, məhsulun 4018 tonunun ixrac olunduğu və ixrac olunmuş məhsuldan dövlətə  7 144 000 ABŞ dolları dəyərində vəsait daxil olduğunu bildirib. 

Cari ildə 607 hektar çiyələk sahəsindən istehsal olunmuş məhsulun 5000 tonunun ixrac olunması nəzərdə tutulub. Çiyələk istehsalının 20000 tona çatdırılması planlaşdırılıb. 

Görüşdə çiyələyin ixrac edilməsində məhsulun tez xarab olması nəzərə alınaraq, ixracın davamlı və intensiv aparılması üçün aidiyyəti qurumlar tərəfindən növbəlilik əsasında əməyin təşkil edilməsi müzakirə olunub.

Eyni zamanda çiyələkdən cem və kompot məhsullarının istehsalı, çiyələyin “Freeze dry” texnologiyası ilə məhsulun alınması müəssisələrinin yaradılması sahibkarlarla müzakirə edilib.
   
Ötən gün isə Rafiq Cəlilov rayondakı çiyələk sahələrinə baş çəkərək, əkin sahələrində görülmüş işlərlə maraqlanıb. Görüşdə fermerlər təsərrüfat adamlarına yaradılan şəraitdən, onlar üçün açılan geniş imkanlardan razılıqlarını bildiriblər. 

Qeyd ediblər ki, bu gün dövlət tərəfindən sahibkarlara göstərilən diqqət və qayığının nəticəsidir ki, onlar yeni iş yerləri açır və xeyli sayda insanlar həmin təsərrüfatlarda çalışırlar. Onlarla olan bu görüşü minnətdarlıq hissi ilə qarşılayan sahibkarlar belə görüşlərin hər bir təsərrüfat sahibinə, bu sahədə çalışan insanlara böyük stimul, güc verdiyini qeyd ediblər. Bu cür görüşləri onlara olan diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndiriblər. Sahibkarlar yaradılan şəraitə, göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildiririk ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Cəlilabad rayonunda çiyələk festivalı keçiriləcəkdir.       

29 may 2022-ci il tarixdə saat 11:00-da Cəlilabad şəhəri Heydər Əliyev Seyrəngahında keçiriləcək festivalda rayonda istehsal və ixrac edilən çiyələk sortları nümayiş olunacaqdır. Eyni zamanda tədbirdə kənd təsərrüfatı şirkətlərinin çıxışları, yerli brendlər və regionun tanınmış restoranları ilə tanışlıq, yerli yeməklərin dadına baxma, əyləncə proqramı, VKV veteranları ilə görüş, aşbazların ustad dərsləri və ənənə halına çevrilən çiyələk məhsulları təqdim olunacaqdır.

Bu əyləncəli festivala bütün vətəndaşlarımız dəvətlidir!

0