Bakının kommunal təsərrüfat sahəsində maliyyə problemləri gündəmə gəlib. Paytaxtın 7 rayonu üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin (MKTB) dövlət qarşısında milyonlarla manat vergi borcunun olduğu məlum olub. Bakının 7 rayonu üzrə MKTB-nin ümumi vergi borcu 24 milyon 198 min 560 manat təşkil edir. Ən böyük borc 6 milyon 612 min 286 manatla Binəqədi rayon MKTB-nin, ən az borc isə 135 min 245 manatla Qaradağ rayon MKTB-nin payına düşür.
Görəsən, MKTB-lər niyə bağlanmır?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin uzun illərdir fəaliyyət göstərməsinin əsas səbəbi onların kommunal xidmətlər sistemində ənənəvi və inzibati idarəetmə mexanizmi kimi qorunub saxlanılmasıdır:
“Bu qurumlar binaların həyətlərinin təmizlənməsi, məişət tullantılarının yığılması, ərazilərin abadlaşdırılması və digər gündəlik təsərrüfat işlərinə cavabdehdir. Yəni onların fəaliyyətində müəyyən funksional zərurət var. Ancaq problem ondadır ki, bu funksiyaların yerinə yetirilməsi üçün mövcud idarəetmə modelinin mütləq şəkildə saxlanılması vacib deyil”.
Ekspertin sözlərinə görə, MKTB-lərin milyonlarla manat vergi borcunun yaranması bu qurumların maliyyə və idarəetmə modelinə yenidən baxılmasını artıq zəruri edir:
“Əgər bir təşkilat uzun müddət öz maliyyə öhdəliklərini yerinə yetirə bilmirsə, onun hansı iqtisadi səmərəliliklə fəaliyyət göstərdiyi sual doğurur. Belə qurumların saxlanılmasının arxasında həm inzibati ənənə, həm də mövcud iş yerlərinin qorunması, təsərrüfat funksiyalarının kimə və necə ötürüləcəyi ilə bağlı məsələlər dayana bilər”.
Müsahibimiz hesab edir ki, MKTB-lərin ləğvi də avtomatik olaraq problemin həlli demək deyil: “Çünki onların gördüyü işləri başqa qurumlar və ya özəl şirkətlər həyata keçirməlidir. Əsas məsələ bu xidmətlərin daha keyfiyyətli, şəffaf və daha az xərclə təşkil olunmasıdır. Bunun üçün bəzi funksiyaların özəl sektora verilməsi, xidmətlərin satınalma və tender mexanizmləri ilə həyata keçirilməsi, yaxud daha çevik idarəetmə modelinə keçilməsi mümkündür”.
Mərkəz sədri hesab edir ki, MKTB-lərin işini Müştərək Məhdud Məsuliyyətli Cəmiyyətələr (MMMC) də həyata keçirə bilər:
“Dövlət üçün əsas məsələ bu qurumların adını və strukturunu qorumaq deyil, əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətini təmin etməkdir. Əgər mövcud sistem bunu səmərəli şəkildə həyata keçirə bilmirsə, onun islahatı və alternativ idarəetmə mexanizmlərinin tətbiqi gündəmə gətirilməlidir. 24 milyon manatdan artıq vergi borcu isə bu məsələnin artıq sadəcə təsərrüfat deyil, həm də ciddi maliyyə və idarəetmə problemi olduğunu göstərir. MKTB-lərin işi Müştərək Məhdud Məsuliyyətli Cəmiyyətələrə həvalə edilməlidir. Belə bir təcrübə artıq Bakıda var. Bu cəmiyyətləri bina sakinləri yaradır və onların ödədiyi xidmət haqqı əsasında fəaliyyət göstərir”.


