Avtobuslar niyə hər yerdə saxlayır?

İQTİSADİYYAT
19:37 / 22.05.2023
609

Sərnişinlərin avtobuslardan narazılığı bitmək bilmir.

Daha öncə avtobuslarda gün ərzində qarşılaşdığımız problemlərdən ətraflı şəkildə bəhs etmişdik. İndi isə tamam başqa bir problemdən söz açacağıq. Hansı ki, bunda bilavasitə sərnişinlərin özlərinin günahı var. Əlbəttə ki, söhbət avtobusun harada gəldi saxlamasından gedir. Düzdür, birinci növbədə məsuliyyəti məhz sürücü daşıyır. Çünki onun vəzifəsi sadəcə dayanacaqlarda saxlamaqdır. Amma nə hikmətdirsə, sərnişinlərin hər biri öz evlərinin qarşısında düşmək istəyir. Üstəlik, bu istəyi elə yüksək səslə tələb edirlər ki, sanki avtobusların hər kəsi evinin qarşısında düşürmək öhdəliyi var. Əminəm ki, hər biriniz gündəlik olaraq avtobusu qapısının ağzında saxlatdıran insanlara rast gəlirsiniz. Çünki bu, daimi olaraq eyni formada təkrarlanır. Axı əziz sərnişinlər, avtobus taksi deyil. İctimai nəqliyyatın konkret dayanacaqları olmalı və sadəcə həmin yerlərdə saxlamalıdırlar. Buna baxmayaraq, siz hər yerdə sürücüdən avtomobili saxlamağı tələb edirsiniz.

Məsələnin başqa maraqlı tərəfi də var. Belə ki, şəhərətrafı avtobusları istədikləri yerdə saxlatdıran sərnişinlər eyni əməli "Baku Bus"da edə bilmirlər. Çünki orada konkret və formalaşmış bir qayda-qanun var. Yəni bütün "Baku Bus"ların gedəcəyi dayanacaqlar bəllidir. Hər bir sərnişin avtobusun haçan və hansı dayanacaqda dayanacağını çox gözəl bilir. Onu da gözəl bilirlər ki, sərnişinlər tələb etsə belə heç bir "Baku Bus" sürücüsü dayanacaqdan kənarda saxlamayacaq. Görürsünüz, nə gözəl nizam-intizamdır? Amma eyni peşəkarlığı şəhərətrafı avtobus xətlərində görmürük. Axı niyə? Bunu tətbiq etmək çox çətindir? Xeyr! Şərt deyil ki, hər yerdə "Baku Bus"lar fəaliyyət göstərsin. Bu, heç texniki cəhətdən də mümkün deyil. Amma digər avtobuslara da bənzər nizam-intizam tətbiq etmək olar.

Bəs niyə olmur? Çünki şəhərətrafı avtobusların xətti üzrə heç dayanacaqlar da quraşdırılmayıb. Sürücülər hansısa marketin və ya məkanın qarşısından dayanacaq kimi istifadə edirlər. Sərnişinlərin gözləyəcəyi konkret bir dayanacaqdan söhbət getmir. Bu isə insanların harada gəldi gözləməyinə səbəb olur. Sürücülər də vahid bir dayanacaq olmadığı üçün insanlar harada gözləsə orada da saxlayırlar. Təəssüf ki, insanların çoxu eyni yerdə avtobus gözləmək yerinə, təsadüfi seçdiyi yerdə gözləməyi üstün tuturlar.

Üstəlik, şəhərətrafı fəaliyyət göstərən avtobusların günlük plan vermələri də bu vəziyyətin yaranmasına gətirib çıxarır. Yəni hər sürücüdən gündəlik 500-700 arası sərnişin daşıması tələb olunur. Bu say isə kart vasitəsilə müəyyən olunur. Sürücülər də bu sayı doldurmaq üçün məcbur qalıb harada adam gördülər saxlayırlar. Sürücülər gedəndə insanları götürmək üçün hər yerdə saxladığı üçün qayıdan da kim harada istəsə orada düşürməyə vadar olur. Çünki etiraz edən kimi "Necə olur gedəndə saxlaya bilirsən, qayıdanda yox?", "Bayaq saxladın, indi niyə saxlamırsan" kimi cavablarla qarşılaşırlar. Bu isə problemin bitməməsinə gətirib çıxarır.

Əslində dayanacaqdan kənarda saxlayan sürücü və bunu tələb edən sərinişinlər cərimə olunsa bu hallar bir daha təkrarlanmayacaq. Bütün avtobuslarda kamera var. Amma o kameranın tək vəzifəsi sürücünün pul alıb-almadığını çəkmək olmamalıdır. Dayanacaqdan kənarda saxlamağı tələb edənlər də kamera ilə müəyyən olunmalıdır. Çox yox, sadəcə bir həftə cərimələr tətbiq olunsa bu problem də tarixə qovuşacaq. Nə bunlar çox mürəkkəb məsələlərdir, nə də öhdəsindən gəlinməyəcək problemlərdir. Sadəcə ortaya iradə qoymaq və nizam-intizam yaratmaq lazımdır. Bu şəhərdə fəaliyyət göstərən "Baku Bus"larda bunu uğurla tətbiq etmək mümkün olursa, digərlərində də olar. Axı niyə də olmasın?! Nəticədə hər iki avtobusdan da eyni insanlar istifadə edir. Bunu vahid sistem kimi tətbiq etmək vacibdir. O zaman heç kim etiraz etməz. Nə sürücü, nə də sərnişin...

Pərviz

0