Türk lirəsinin ucuzlaşmasının Azərbaycana təsiri olacaq?

İQTİSADİYYAT
14:47 / 09.06.2023
650

“Türk lirəsinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına bir neçə istiqamətdən təsiri gözlənilir”.

Bunu HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elman Sadıqov deyib.

Ekspert vurğulayıb ki, əsas üç istiqamətə fokuslanmaq lazımdır:

“Bunlar ölkəmizə idxal məsələsi, Azərbaycanın Türkiyədəki investisiyaları və türkiyəli investorların Azərbaycana qoyduğu investisiyalardır. Bizim oradakı investisiyalarımızla bağlı konkret bir fikir söyləmək doğru olmaz. Çünki həmin sənədləri və biznes planlarını ciddi bir şəkildə analiz etməyə ehtiyac var. Həmin rəqəmlər olmadan təsirin həcmini ölçmək və ya bu barədə fikir yürütmək doğru olmaz. Amma bu təsir var.

327700

Ümumiyyətlə, lirənin ucuzlaşması türk mallarının rəqabət qabiliyyətinin daha da artması deməkdir. Çünki bununla türk malları ucuzlaşır və ixrac artır. Burada sual yarana bilər ki, türk lirəsinin ucuzlaşması Azərbaycana idxal təzyiqi formalaşdıra bilərmi? Buna iki aspektdən baxmaq lazımdır. 

İdxal məsələsində ölkəmizdə istehsal olunan və olunmayan məhsullar var. Bizdə geniş və əhalinin tələblərini tam ödəyəcək istehsal yoxdur. Ona görə də bu sahədə ciddi bir təzyiq gözlənilmir. İstehsal olunmayan məhsullar üzrə isə lirənin ucuzlaşması qənaətbəxşdir, hətta müsbətdir. Çünki əhali bizdə istehsal olunmayan və cüzi istehsal olunan məhsullara daha az pul xərcləyəcək".

Ekspert qeyd edib ki, bu da əhalinin vəsaitinin qalan hissəsini ölkə daxilində digər xidmətlərə və başqa məhsulların alışına yönəltməsinə səbəb olacaq:

"Məsələn, 500 manat maaş alan bir insan əvvəllər 200 manat geyimə pul xərcləyirdisə, indi 150 manat xərcləyəcək. Yerdə qalan 50 manatı isə ölkə daxilində başqa yerlərə sərf edəcək. Əlbəttə ki, bu, çox müsbət bir məsələdir.

Ölkədə istehsal olunan məhsullarda isə hökumətin üzərinə yük düşür. Bu yük ondan ibarətdir ki, mütləq proteksionist siyasət yürüdülərək istehsal olunan ərzaq məsələlərində və ya tikinti materialları sahəsində müəyyən məhsullar istehsal olunmalıdır. 

Həmin məhsulların qorunması üçün kvotaların tətbiqi mütləq zəruridir. Burada yerli məhsulların həcmini ölçərək və yerli təlabatı nəzərə alaraq idxala tətbiq olunacaq kvotalardan söhbət gedir. Məsələn, hansısa məhsula təlabat 10 tondur və onun 5 tonunu biz istehsal ediriksə, qalan hissəsini idxal edə bilərik. Yəni elə olsa, kvotada nəzərdə tutulandan daha artıq məhsulun ölkəyə daxil olmasına icazə verilməycək. Bu, dünyada tətbiq olunan bir məsələdir".

Elman Sadıqov əlavə edib ki, türk iş adamlarının ölkəmizə qoyduğu investisiyaların həcmində isə artım gözlənilmir:

"Hazırda türk iş adamları daha çox öz ölkələrindəki məsələrə fokuslanıblar. Bütün bunların fonunda türk lirəsinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına birmənalı olaraq mənfi təsir göstərdiyini demək olmaz".

Pərviz

0