ECB faiz qərarını açıqladı: Avro bahalaşacaq? - AÇIQLAMA

İQTİSADİYYAT
14:16 / 16.06.2023
704

Avropa Mərkəzi Bankı (ECB) tərəfindən iyun ayı üzrə faiz qərarı açıqlanıb.

Belə ki, bank depozit faizə 3,50 faizə yüksəlib. Bu isə son 20 ilin ən yüksək səviyyəsidir. Həmçinin, yenidən maliyyələşdirmə dərəcəsi 4 faizə, marjinal maliyyələşdirmə dərəcəsi isə 4,25 faizə çatdırılıb. 

Maraqlıdır, Avropa Mərkəzi Bankının qərarının birjalara təsiri necə olacaq? Avronun bahalaşma ehtimalı varmı?

Bununla bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elman Sadıqov bildirib ki, Avropa iqtisadiyyatı üçün ən təhlükəli amil inflyasiya hesab olunur:

328211

"Avropa öz iqtisadiyyat tarixində ən yüksək inflyasiyanı 1920-ci illərdə görüb. Bu, hiperinflyasiya adlanırdı. O zamandan bəri Avropa inflyasiyanı özünün ən böyük düşməni elan edib. 5 faizdən yuxarı qalxan inflyasiya Avropa ölkələri üçün ən böyük təhlükə kəsb edən inflyasiya dərəcəsi hesab olunur. 

Avropa Mərkəzi Bankının faiz dərəcələrini artırması isə əlbəttə ki, investorlar üçün avronu daha cəlbedici edir. Üstəgəl, avro satışlardında bir "pauza" olacaq. Çünki investorlar indiyə qədər avronun faiz dərəcələri ilə dolların faiz dərəcələri arasındakı nisbətən yüksək fərqi nəzərə alaraq, "carry trading" əməliyyatları həyata keçirirdilər. Bu isə daha aşağı faiz dərəcəsi olan valyutanı borc alıb, aşağı faizlə satmaq və daha yüksək faizli valyutanı alaraq həmin valyutanın faizindən yüksək gəlir əldə etməkdir. Yəni faiz dərəcələri arasındakı fərqdən gəlir götürməkdir. Artıq ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini sabit saxlaması, Avropa Mərkəzi Bankının isə faiz dərəcələrini artırması avro ilə dollar arasındakı faiz dərəcələri arasındakı fərqi azaldır. Həmçinin, bu addım avronun dəyər qazanmasına da yardım edir".

Lakin ekspert əlavə edib ki, avronun dəyər qazanması Avropa iqtisadiyyatı üçün o qədər də cəlbedici deyil: 

"Həmçinin, Avropa bunda maraqlı deyil. Çünki Avropa iqtisadiyyatı ixracyönümlü iqtisadiyyatdır. Nəticə etibarilə, avronun yüksək dəyəri Avropa mallarının rəqabət qabiliyyətini aşağı salır və qiymətlərini artırır. Bu isə hazırkı bazar üçün heç də uyğun deyil".

Elman Sadıqov qeyd edib ki, Avropa Mərkəzi Bankının qərarının birjalara təsiri müsbət olmayacaq:

"Nəzərə alaq ki, təkcə faiz dərəcəsi deyil, bir sıra amil var ki, bundan sonrakı dövrdə birja indekslərinin nisbətən aşağı gedəcəyini göstərir. Birincisi, Avropa birjaları ən pik nöqtələrinə gəlib çatıb. Bu səbəbdən də, düşüş ehtimalı, ən azından texniki geridönüş mümkündür. İkinci və ən əsas məsələ isə, Almaniya və Böyük Britaniyadakı resessiya məsələsidir. Bu  da investorları gərgin saxlayır və investisiyalardan nisbətən çəkindirir. Bu səbəbdən də birjalarda nisbətən geridönüşü və aşağı enmələri müşahidə edə bilərik. Əlbəttə ki, kəskin düşüşdən söhbət gedə bilməz. Amma kəskin artımlar da indiki vəziyyətdə nisbətən istisna olunur".

Pərviz

0