Elnur Fərzəliyev: "Şirkətin təklif etdiyi məbləğlə vətəndaş o ərazilərdən ev ala bilməz"

İQTİSADİYYAT
19:07 / 23.10.2023
1105

Məlum olduğu kimi, Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində qəzalı binalar söküləcək. Həmin ərazidə qəzalı vəziyyətdə olan binalar və iaşə obyektləri sökülərək yerində müasir tələblərə uyğun binalar tikiləcək. Sakinlərə evlərin kvadratmetri üçün 2000-2100 manat kompensasiya veriləcək. Bununla yanaşı, yeni mənzillər inşa edilənə qədər kirayə pulu da ödəniləcək.

Maraqlıdır, həmin ərazidəki evlərə kvadratmetri  2000-2100 AZN-ə təklif olunması düzgündürmü?  Bu məbləğ yeterlidirmi?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Hit.az-a açıqlamasında qeyd etdi ki, 2016-cı ildən başlayaraq paytaxt Bakı şəhərində qəzalı vəziyyətdə olan, istismar müddətini bitirmiş binaların söküntüsü başlayıb. Bu günə qədər onlarla çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evlərindən ibarət yaşayış massivləri yenitikili binalarla əvəzlənib.

Ekspertin sözlərinə görə, hazırda bəzi tikinti şirkətləri tərəfindən evləri sökülən vətəndaşlara pul təklif olunur. Həmin ödənilən vəsaitlə vətəndaşlar bəzən razı, bəzən isə narazı qalır: “Hazırda Yasamal rayonunda köhnə tikili binalarda birotaqlı mənzillərin satış qiyməti təxminən 85-95 min manat arasında dəyişir. Onu da deyim ki, xruşovka layihəli binalarda birotaqlı mənzillər 30 -35 kvadrat metrdir. Ikiotaqlı mənzillər 100-140 min, üçotaqlı isə 135-180 min manat civarındadır. Bazar qiyməti ilə dəyərləndirsək hər kvadrat metr üçün 3000 manat təklif olunmalıdır. Ancaq şirkətlərin həmin ərazidəki evlərə kvadratmetri  2000-2100 AZN-ə təklif olunması düzgün deyil. Şirkətin təklif etdiyi məbləğlə vətəndaş o ərazilərdən ev ala bilməz. Real bazar qiyməti ilə təklif olunan qiymət üst-üstə düşmür”. 

Sevinc

0