Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə və COP28-ə xərclədiyi vəsait açıqlandı

11:09 / 23.05.2024
183

2023-cü il yanvarın 1-nə ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun qalığı 27,6 milyon manat təşkil edib.

HİT.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatı"nda qeyd edilib.

Belə ki, hesabat ilində təbiətdən istifadəyə görə ödəmələr, ətraf mühitin mühafizəsi haqqında (balıqçılıq istisna olmaqla) qanunvericiliyin pozulmasına görə alınan cərimələr, müsadirə olunan ovçuluq alətlərinin satışından daxil olan vəsaitlər hesabına ötən il ərzində fonda 6,9 milyon manat məbləğində vəsait daxil olub.

Hesabat dövründə Fondun xərcləri 12,9 milyon manat təşkil edib ki, həmin vəsait Fondun əsasnaməsinə uyğun olaraq beynəlxalq səviyyəli tədbirlərdə ölkəmizin təmsil edilməsinə (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (Dubay) və "Yaşıl səhra daha yaxşı ətraf mühit mövzusunda bağçılıq sərgisi (Doha)), bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına yönəldilib.

2024-cü il yanvarın 1-nə Fondun vəsaitinin qalığı 21,6 milyon manat təşkil edib və ya 2023-cü ilin əvvəli ilə müqayisədə 5,9 milyon manat azalıb.

0