Azərbaycanda heyvan bazarında qiymətlər artıb - SƏBƏB

İQTİSADİYYAT
23:19 / 27.05.2024
229

Azərbaycanda heyvan bazarında qiymətlər artıb. Bunun isə Qurban bayramı ilə əlaqəli olduğu bildirilir. Artıq bayrama sayılı günlər qalıb. Hər il olduğu kimi bu il də qurbanlıq heyvanların qiymətində artım müşahidə olunur.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli İqtisadiyyat.az-a deyib ki, bayram ərəfəsində heyvan ətinin bahalaşacağı gözləniləndir.

Onun sözlərinə görə, çünki məqsədyönlü şəkildə qurbanlıq üçün sürətli alışlar başlayır: “Bayram ərəfəsində ətə tələbat artır və buna görə də qiymətlər müəyyən qədər qalxır. Bu, əsasən özünü topdansatış bazarında göstərir. Məsələn, topdansatış bazarında heyvan ətinin bir kiloqramının 23-25 manata qədər bahalaşdığını müşahidə etmək mümkündür. Amma bu, daxili bazarda satılma təyinatı ilə alınan heyvanlara bir qədər az təsir edəcək”.

İqtisadçı həmçinin iribuynuzlu heyvanların qiymətində artımın bir o qədər də müşahidə olunmayacağını söyləyib: “Sadəcə olaraq o sahədə bir qədər pərakəndə satışda bahalaşma müşahidə oluna bilər. Çünki qurban kəsə bilməyən adamlar bayram günü 3-5 kiloqram heyvan əti alır. Qəssablar da qiymətlərdə müəyyən qədər artımlar edirlər”.

A.Nəsirli bildirib ki, lakin bayramın isti havalara, yay ayına düşməsi qiymətlərin artmasının qarşısını bir qədər alacaq: “Çünki yayda o qədər də ətə tələbat olmur. Məsələn, qışda Qurban bayramında heyvan kəsməyən adam evə 5 kiloqram ət alacaqdısa, indi 2 kiloqram alacaq. Yəni tələbat da azdır. Bu da qiymətlərin bahalaşmasını cilovlayan bir amil kimi nəzərə alına bilər”.

Ekspert eyni zamanda Azərbaycanda daxili bazarda ət qıtlığının yaşandığını deyib. O vurğulayıb ki, hazırda tələblər azalsa da, təkliflər çoxalıb. İqtisadçının sözlərinə görə, buna Gürcüstandan heyvan idxalının dayandırılması da müəyyən qədər təsir edib: “Məsələn, yanvar ayından indiyədək, yəni bu ilin ilk beş ayında təxminən qoyun ətinin topdansatış qiyməti 1-1,5 manat, bəzi növləri isə hətta 2 manat bahalaşıb. 6 aylığa qədər olan quzu ətinin qiyməti hazırda 22-23, bəzi hallarda isə 25 manatdır. Toğlu - yəni yetkin qoyun əti əvvəl 18 manata satılırdısa, indi 19 manata təklif olunur. Yaşı daha çox olan qoyun ətinin qiyməti isə bir qədər ucuzdur. Onlar 12-13, bəzən isə 15 manata satılır”.

Xatırladaq ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.

0