Pomidor-xiyarın bahalaşmasının əsas səbəbi nədir? - İqtisadçı AÇIQLADI

İQTİSADİYYAT
15:05 / 17.07.2024
426

Son günlərdə ölkəmizdə pomidor və xiyarın qiyməti bahalaşıb. 

Belə ki, həm pomidorun, həm də xiyarın qiymətində 1 manatdan yuxarı artım olub. Hətta bəzi yerlərdə bu artım 2 manata qədər çata bilir. 

Bəs bazarlarda belə kəskin qiymət artımına səbəb nədir? 

İqtisadçı ekspert Elçin Rəşidov mövzu ilə bağlı Hit.az-a açıqlama verib. O bildirib ki, pomidor-xiyarın qiymətinin qalxması əsasən Rusiya bazarındakı bahalaşma ilə əlaqədardır:

354328

"Həmçinin, digər qonşu ölkələrin bazarlarındakı vəziyyət də pomidor-xiyar qiymətlərinin bahalaşmasına səbəb olur. Məsələn, Rusiya pomidor istehsalçısı olan Türkmənistana qadağa qoyub. Rusiyaya əsasən pomidor-xiyar satan İran isə ixracı azaldıb. Çünki indi məhsulunu İraqa və ərəb ölkələrinə satır. 

Bu isə oradakı daxili bazarda qiymətləri qaldırıb. Azərbaycanlı sahibkarlar da Rusiyada pomidor-xiyarın qiymətləri yüksək olduğu üçün ora ixrac edirlər. Ona görə də yerli bazarlarda qiymətlər yüksəlir".

Ekspert onu da qeyd edib ki, bu il Azərbaycanda tarla pomidoru azdır:

"Həmişə təxminən iyulun 1-dən sonra bazarda parnik pomidorunu tədricən tarla pomidoru əvəz edirdi. Lakin bu il tarla pomidoru kifayət qədər deyil. Bu da öz növbəsində qiymətlərə təsir göstərir".

Pərviz

1