Astara rayonunun Şahağacı kəndində intensivləşən torpaq sürüşməsi 50-yə yaxın ev üçün təhlükəli vəziyyət yaradıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə bir neçə müddətdir ki, Astara rayonunun Şahağacı kəndi ərazisində torpaq sürüşməsi intensivləşib. Ərazidən keçən Pensərçay qarşısına çıxdığı torpaq qatını yuyaraq, evlərə doğru istiqamət alır. Pensərçay, sağ və sol sahillərinə doğru 20–25 metr genişlənib. Sakinlər deyir ki, yol daraldığından ağır tonnajlı yük maşınları yoldan keçə bilmir. Əraziyə çağrılan təcili yardım maşınları isə uzaqda saxlamağa məcbur olur.
Torpaq sürüşməsi vətəndaşların həyətyani sahələrindəki tikililərə, meyvə bağlarına da ciddi ziyan vurub. Torpaq sürüşməsi 20 metr enində, 50 metr uzunluğunda torpaq qatını uçuraraq, kənd sakinləri Səfail İbadov, Möhsün Möhsümov və digərlərinin həyətyani sahələrindəki hamam – ayaqyolunu, 50 -yə yaxın sitrus, eləcə də digər meyvə ağaclarını aparıb.
İndi sakinləri narahat edən odur ki, əgər çay kənarına bənd vurulmasa, növbəti seldə daha böyük fəsadlar yarana bilər və 50-yə yaxın ailə yaşadıqları evləri tərk etmək məcburiyyətində qalacaqlar.
Məsələ ilə bağlı Şahağacı kənd bələdiyyəsinin sədri Samir Mayilov APA-ya bildirib ki, “7 evə gedən yol tamamilə yuyulub. Gediş – gəliş üçün məhdudiyyətlər yaranıb. Baş verən təbii fəlakətlə bağlı dərhal rayon icra hakimiyyətində komissiya yaradılıb. Yaradılan komissiya ilə birgə həmən yerlərə baxış keçirilib. Fövqalada Hallar Nazirliyinin (FHN) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumlarına müraciət olundu. Onların əməkdaşları gəlib yerlərdə baxış keçirib və aktlaşdırılıb. Ərazidə bəndləşmə işləri ilə bağlı müəyyən tapşırıqların verilməsi ilə müzakirə olundu”.
Qeyd edək ki, ilin sonuna kimi ərazidə tədbirlərin görülməsi nəzərdə tutulub.