Mesajlaşma zamanı istifadə etdiyimiz bəzi emojilərin mənası internetdə zamanla dəyişib. Nəticədə bir çox insan onların ilkin olaraq hansı məna üçün yaradıldığını bilmir və tamamilə başqa məqsədlə istifadə edir.
HİT.az xəbər verir ki, bəzi emojilərin arxasında düşündüyümüzdən fərqli məna və mədəni kontekst dayanır.
Qələbə ifadə edən emoji

Burun dəliklərindən buxar çıxan, qaşları yuxarı qalxmış üz ifadəsi çox vaxt qəzəb və əsəbi nəfəsalma kimi qəbul edilir. Halbuki bu emoji ilkin olaraq “qələbə” və “zəfər” mənasını ifadə etmək üçün hazırlanıb.
Yəni onun əsas ideyası qəzəb deyil, əldə edilən uğur, qürur və üstünlük hissidir. Buna baxmayaraq, internet istifadəçiləri zamanla emojiyə fərqli məna verərək onu əsəbilik və narazılıq zamanı da işlətməyə başlayıblar.
Xidmət əməkdaşı

Əli yana uzadılmış, başı bir qədər əyilmiş qadın fiquru da tez-tez səhv başa düşülür. Bir çox insan bu emojidən “buyur, nə istəyirsən?” və ya müəyyən qədər istehzalı münasibət bildirmək üçün istifadə edir.
Əslində isə emoji məlumat masasının və ya xidmət bölməsinin əməkdaşını təsvir edir. Buradakı əl hərəkəti qarşı tərəfə kömək təklif edən işçinin jestidir.
Yuxulu üz

Gözləri bağlı üzün yanında görünən mavi damcı da çoxlarını çaşdırır. Bəziləri bunu tər, göz yaşı və ya hətta tüpürcək kimi qəbul edir.
Əslində isə həmin mavi damcı yuxu zamanı burundan çıxan selik qabarcığını simvolizə edir. Bu təsvir yapon manqa və anime mədəniyyətindən gəlir və insanın yatdığını göstərmək üçün istifadə olunur.
Belə təsvirlərin animelərdə hələ ötən əsrin əvvəllərindən istifadə edildiyi bildirilir. Buna görə də bu emoji əsəbilik və ya yorğunluqdan daha çox yuxululuğu ifadə edir.
Baş əyən insan

Əlləri qarşısında olan və başını aşağı əymiş insan fiquru isə ən çox yanlış anlaşılan emojilərdən biridir. Müxtəlif istifadəçilər bu işarəni dua, xəcalət, düşünmək, çaşqınlıq və hətta “facepalm” kimi qəbul edirlər.
Əslində bu emoji baş əyərək salam verən və ya təzim edən insanı göstərir. İşarə Yapon mədəniyyətindəki təzim ənənəsinə əsaslanır və hörmət, təşəkkür və səmimi üzrxahlıq ifadə edə bilər.
Beləliklə, gündəlik yazışmalarda adi görünən bir emoji belə qarşı tərəfə tamamilə fərqli mesaj ötürə bilər. Buna görə də xüsusilə mədəni mənşəyi olan işarələrin ilkin mənasını bilmək anlaşılmazlıqların qarşısını almağa kömək edir.
Samir


