Bəzən yaxın insanın uğuruna verilən soyuq və ya laqeyd reaksiya ilk baxışdan paxıllıq kimi görünə bilər. Lakin psixoloqlar bunun arxasında başqa səbəblərin də dayana biləcəyini bildirirlər.
HİT.az xəbər verir ki, mütəxəssislərin fikrincə, insanın başqasının sevincinə lazımi qədər reaksiya verməməsi şəxsi uğursuzluqlar, özünü başqaları ilə müqayisə etmək və ya öz nailiyyətlərinin vaxtilə kifayət qədər qiymətləndirilmədiyini düşünməklə bağlı ola bilər.
Psixoloq Şelli Geybl və həmkarlarının apardığı araşdırmalar göstərib ki, insanın xoş xəbərini bölüşməsi və qarşı tərəfin buna reaksiyası onun gündəlik emosional vəziyyətinə təsir göstərə bilər. Ən müsbət nəticə qarşı tərəfin səmimi maraq göstərməsi, suallar verməsi və xəbərə sevinməsi zamanı müşahidə olunur.
Bunun əksinə, mövzunu tez dəyişmək, nailiyyəti kiçiltmək və ya olduqca quru cavab vermək münasibətlərdə mənfi emosional təsir yarada bilər.
Başqasının uğuru niyə insanda narahatlıq yaradır?
Bu vəziyyət xüsusilə həmin uğurun insanın özü üçün də vacib olan sahə ilə bağlı olduğu zaman ortaya çıxa bilər.
Psixoloq Abraham Tesserin hazırladığı özünəqiymətin qorunması modeli buna nümunədir. Yaxın insanın bizim üçün əhəmiyyətli sahədə uğur qazanması istər-istəməz müqayisəyə səbəb ola bilər.
Məsələn, uzun müddətdir arzuladığı vəzifəyə dostunun təyin olunması insanda həm onun adına sevinmək, həm də özünün hələ həmin məqsədə çatmadığını düşünmək kimi ziddiyyətli hisslər yarada bilər.
Eyni insan başqa sahədə əldə olunan uğura isə daha rahat reaksiya verə bilər. Çünki həmin nəticə onun özünəqiyməti ilə birbaşa əlaqələndirilmir.
Özünü görünməz hiss etmək də səbəb ola bilər
York Universitetinin psixoloqu Qordon Flett insanın özünü başqaları üçün əhəmiyyətsiz və görünməz hiss etməsi ilə bağlı “antimühümlük” anlayışını araşdırır.
Tədqiqatlar bu hissin tənhalıq, özünə qarşı sərt münasibət və yaxın münasibətlərdə müəyyən çətinliklərlə əlaqəli ola biləcəyini göstərir.
Belə vəziyyətdə başqa birinin uğuru həmin şəxsin öz nailiyyətlərinin vaxtilə kifayət qədər diqqət görmədiyini xatırlada bilər. Bununla belə, mütəxəssislər yalnız bir reaksiyaya əsaslanaraq insanın keçmişi və ya psixoloji vəziyyəti barədə qəti nəticə çıxarmağın düzgün olmadığını vurğulayırlar.
Bu, mütləq paxıllıq demək deyil
Psixologiyada paxıllığın müxtəlif formaları fərqləndirilir. Nils van de Ven və həmkarlarının araşdırmalarında “xoşməramlı” və “zərərli” paxıllıq anlayışlarından istifadə olunur.
Birinci halda insan başqasının uğurunu özünü inkişaf etdirmək üçün motivasiya kimi qəbul edə bilər. İkinci halda isə qarşı tərəfin əldə etdiyi üstünlüyün aradan qalxmasını arzulamaq mümkündür.
Bu səbəbdən başqasının uğuruna səssiz və ya soyuq reaksiya göstərmək avtomatik olaraq həmin şəxsə pislik arzulamaq anlamına gəlmir. Bəzən insan sadəcə öz vəziyyətini başqası ilə müqayisə etdiyi üçün narahatlıq keçirir.
Mütəxəssislər belə reaksiyaların üzərində işləməyin mümkün olduğunu da bildirirlər. Bunun yollarından biri qarşı tərəfin xoş xəbərləri barədə daha çox sual vermək və onun sevincinə şüurlu şəkildə qoşulmağa çalışmaqdır.
Nəticə etibarilə, başqasının uğuruna verilən soyuq reaksiya hər zaman laqeydlik və ya paxıllıqdan xəbər vermir. Bunun arxasında özünəinamla bağlı problemlər, ağrılı müqayisə və ya insanın özünü kifayət qədər dəyərli və görünən hiss etməməsi kimi amillər də dayana bilər.
Samir


