FT: Aİ Çindən hibrid avtomobillərin ixracını məhdudlaşdırmağı tələb edir

DÜNYA
16:55 / 17.09.2026
40

Avropa İttifaqının nümayəndələri Çini hibrid avtomobillərin ixracını könüllü şəkildə məhdudlaşdırmağa çağırıblar. 

HİT.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, daha ucuz Çin istehsalı avtomobillərin bazarı doldurması səbəbindən Avropanın avtomobil istehsalçıları artıq işçi qüvvəsini kütləvi şəkildə ixtisar etməyə məcbur olurlar.

İndi Brüssel Pekindən ixracı məhdudlaşdırmağı tələb edir. Əks halda, Aİ idxal rüsumlarını artıracaq ki, bu da ticarət müharibəsinin yeni mərhələsinə səbəb ola bilər.

“Əgər onlar bizim bazara ixracı məhdudlaşdırmasalar, bunu biz edəcəyik”, – deyə “FT” adı açıqlanmayan Aİ nümayəndəsinin sözlərini sitat gətirib. “Biz hərəkətə keçməliyik. Söhbət tənzimlənən ticarətdən gedir”.

Mənbələrin sözlərinə görə, Aİ Çin istehsalı hibrid avtomobillərin satışının ittifaq ərazisində bütün hibrid avtomobil satışlarının 15 faizindən çox olmamasını istəyir. Hazırda Çin istehsalı hibridlər Avropanın bu avtomobil bazarının təxminən üçdə birini təşkil edir.

Ticarət məsələləri üzrə avrokomissar Maroş Şefçoviçin nümayəndəsi təsdiqləyib ki, o, bu həftə Çinin ticarət naziri Van Ventao ilə danışıqlar aparacaq. Oktyabr ayında isə danışıqlar Pekində keçiriləcək.

Samir

0