İki Michelin ulduzlu restoran 49 min qarışqanı desertlərdə istifadə etdi, vərimələndi

DÜNYA
16:43 / 17.09.2026
41

Seulda iki Michelin ulduzuna layiq görülmüş restoran qeyri-adi kulinariya üsuluna görə cərimələnib. Evett restoranının desertlərində təxminən 49 min qarışqadan istifadə edildiyi məlum olub.

HİT.az xəbər verir ki, restoranın sahibi 15 milyon von, müəssisəni idarə edən şirkət isə 10 milyon von məbləğində cərimələnib. Cəza qida gigiyenası qaydalarının pozulmasına görə tətbiq edilib.

Cənubi Koreyanın Qida və Dərman Təhlükəsizliyi Nazirliyi restoranla bağlı araşdırmaya internetdə yayılan müştəri rəyləri və yeməklərin fotolarından sonra başlayıb.

Araşdırma zamanı məlum olub ki, restoranın bəzi desertlərinə hər porsiya üçün 3-5 qarışqa əlavə edilib. Restoran sahibi bunun yeməklərə turş dada yaxın xüsusi tam vermək məqsədi daşıdığını bildirib.

Bu üsulun restoranda təxminən dörd il ərzində tətbiq edildiyi və həmin müddətdə ümumilikdə 49 minə yaxın qarışqanın istifadə olunduğu müəyyənləşdirilib. Həşəratların böyük hissəsi ABŞ-dan, bir qismi isə Taylanddan gətirilib.

Cənubi Koreyada insanların qida kimi istifadə etməsinə icazə verilən həşəratların siyahısına yalnız 10 növ daxildir. Siyahıda çəyirtkə, bəzi ipəkqurdu növləri və digər həşəratlar olsa da, qarışqalar bu kateqoriyaya daxil deyil.

Restoran sahibi qarışqaların başqa ölkələrdə qida kimi istehlak edildiyini əsas gətirərək onların istifadəsinin qadağan olduğunu bilmədiyini deyib.

Məhkəmə araşdırması zamanı isə daha bir problem üzə çıxıb. Laboratoriya analizləri restoranda istifadə olunan qarışqalarda ağır metalların miqdarının icazə verilən həddi aşdığını göstərib.

Prokurorluq restoran sahibinə bir il həbs cəzası və 20 milyon von məbləğində pul cəzası verilməsini tələb edib. Lakin məhkəmə onun ittihamları qəbul etməsini və əvvəllər məhkum olunmamasını nəzərə alaraq həbs əvəzinə maliyyə cəzası tətbiq edib.

Nazirliyin məlumatına görə, qarışqalar restoranın 15 yeməkdən ibarət menyusunun yalnız az sayda məhsulunda istifadə olunub. Sahib həmçinin müştərilərin yeməklərdə qarışqa olduğu barədə əvvəlcədən məlumatlandırıldığını və alternativ içlik seçə bildiklərini bildirib.

Qarışqaların qida kimi istifadəsi Asiya, Afrika və Latın Amerikasının bəzi ölkələrində ənənəvi təcrübədir. Məsələn, Tayland və Kambocada toxucu qarışqalarından və onların yumurtalarından istifadə edilir. Kolumbiyada isə bəzi qarışqa növlərinin kraliçaları delikates hesab olunur.

Samir

0