Dəm qazı insanı necə zəhərləyir? - Ekspert

HADİSƏ
17:15 / 17.11.2023
592

Payız-qış mövsümündə təbii qazın istifadəsinə tələbat xeyli artır. Havaların soyuması dəm qazı “tor”una düşənlərin də çoxalmasına səbəb olur. Təəssüf ki, hər il eyni xəbərdarlıqlar edilməsinə və tövsiyələr verilməsinə baxmayaraq, faciəvi hallar təkrarlanır. 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında bildirib ki, dəm qazı iysiz, dadsız, rəng­siz, havadan yüngül olan qazdır. Ekspertin sözlərinə görə, insanlar dəm qazının nədən yarandığını bilməlidirlər: 

338018

"Yanma prosesi düzgün getmədikdə dəm qazı əmələ gəlir. Əgər yanma prosesi düzgün gedərsə, onda dəm qazı əmələ gəlmir. Qaz cihazlarına kənar müdaxilələr olarsa və qaz cihazlarının avadanlıqları standartlara cavab verməzsə, evə metal borular əvəzinə kapron və digər materiallardan olan borularla çəkilən qaz xəttində nasazlıq halları baş verə bilər. Bu zaman xətdə hər hansı bir dəlik və sızma olarsa, onda dəm qazı əmələ gəlir. Həmçinin qaz sobalarına kənar müdaxilələrin edilməsi də çox təhlükəlidir. İnsanlar bir otaqdan digər otağa kustar üsulla hazırlanmış qaz xətti çəkirlər və ya qızdırıcı sobalara kənar müdaxilələr edirlər. Bu da yanma prosesinin düzgün getməməsinə gətirib çıxarır".

Nurəliyevin sözlərinə görə, evin bacaları ildə ən azı iki dəfə təmizlənməlidir:

"Əgər evin bacaları təmizlənməzsə, təbii ki, orada hava ventilyasiyası, sovrulması olmur və yanma prosesini də çətinləşdirir. Daha dəqiq desək, kömürün və odunun yanmasından belə dəm qazı əmələ gəlir. Evin havası gün ərzində iki dəfə-səhər və axşam dəyişməlidir. Evdə qazı yandırarkən əmin olmaq lazımdır ki, otaqda qaz iyi var və ya yox. Əgər evdə qaz iyi yoxdursa, onda kibriti çəkmək lazımdır. Hətta çöldən evə daxil olan zaman da otaqda qaz qoxusunun olub-olmadığını yoxlamaq, daha sonra işıqları yandırmaq vacibdir”.

Sevinc

0