"Yeni qaydalar bəzi cüdoçular üçün zərbə olacaq"- Natiq Bağırov

İDMAN
21:22 / 24.01.2022
1153

"Yeni qaydaları həm hakimlərimiz, həm də idmançılarımız dəqiq bilməlidir".

Hit.az-ın məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov Beynəlxalq Cüdo Federasiyasının (IJF) 2022 - 2024 olimpiya dövrü üçün elan etdiyi yeni qaydalarla bağlı təşkil olunmuş seminar zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qarşıdakı nüfuzlu yarışlarda bu qaydalardan istifadə olunacaq: "Bu yaxınlarda Portuqaliyanın Almadı şəhərində Qran-pri yarışı olacaq. Bundan sonra isə yığmamız Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə iştirak edəcək. Ona görə də bu qaydaları bilməli və onlara riayət etməlidirlər. Mart ayından isə respublika yarışlarında bu qaydalar istifadə olunacaq. Hakimlərin də bunları yaxşı öyrənməsi vacibdir. Bilirsiniz ki, cüdo Azərbaycanın hər bir reginonunda yüksək səviyyədədir. Bu səbəbdən yeni qaydaları Regionlar Komitəsi ilə birlikdə tətbiq edəcəyik".

Veteran cüdoçu köhnə qaydaların tərəfdarı olduğunu söyləsə də, yeniliklərə rəiayət etməli olduqlarını vurğulayıb: "Biz klassik qayda-qanuna öyrəşmişdik. İllər keçdikcə qaydalar dəyişilir və ya yenisi ilə əvəzlənir. Mən köhnə qaydaların qayıtmasını istərdim. Amma bu, subyektiv fikrimdir. Federasiya artıq yeni qaydaları təsdiq edib. Biz də buna riayət etməliyik. Yəni, bu, bizdən asılı deyil".

0