Seriallarda bir çox məntiqsizliyə yer verilir.
Onlardan biri də layihədəki obrazların hər mövsüm başqa birinə aşiq olmasıdır. Deməli, serialdan hansısa obraz gedəndə onun partnyoruna dərhal başqa birini tapırlar. Halbuki bütün mövsüm, bəzən də mövsümlər ərzində onların bir-birini necə sevdikləri, eşqlərindən vazkeçməyəcəkləri, biri olmasa, digərinin də yaşaya bilməyəcəyi, sevgilisi uğruna ölümə belə gedəcəkləri göstərilir. Lakin bu qədər böyütdükləri, yerə-göyə sığdıra bilmədikləri eşq bir anda bitir.
Daha bir bölüm əvvələ qədər sevgisini hər səhnədə göstərən oğlan sevgilisi ölən kimi başqalarına “yaşıl işıq” yandırır. Bəli, eynən elə olur. Adətən serialdan ayrılan qızın yerinə gələn aktrisa ilə baş rol oğlan elə ilk bölümdə qarşılaşır. Hətta daha ilk səhnədən aralarında yaxınlaşma olur, bir-birlərinə meyl etməyə başlayırlar. Yəni reallıqla əlaqəsi olmayan, heç bir məntiqə sığmayan bir yanaşmadan bəhs edirik.
İnsan sevgilisi ölən kimi necə dərhal başqa birini bəyənə və ya sevə bilər axı? Üstəlik, belə obrazlar irəliləyən bölümlərdə “uğruna ölərəm” dedikləri sevgililərini xatırlamır və bir dəfə belə məzarlarına getmirlər. Əksinə, bütün bölümlər boyu bu dəfə yeni sevgililəri üçün eyni şeyləri təkrar edirlər.
Serialın ironiyası da məhz burada başlayır. Çünki növbəti mövsümlərdə bu qızı da göndərirlər, amma qəhrəmanımız onu da dərhal unudaraq başqa birinə eşq elan edir.
Bayaqdan oğlandan nümunə veririk, amma bunun əksi də var. Yəni eyni şeyi xanım obrazlara da edirlər. Məsələn, serialda hansısa qızın sevgilisi və ya həyat yoldaşı öləndə, eləcə də ondan ayrılanda, elə həmin bölüm başqa bir kişi gətirirlər. Onlarca bölüm sevdiyinə sadiq bir xanım kimi təsvir edilən obraz isə hər şeyi bir anda unudaraq yeni gələn obrazla eşq yaşamağa başlayır.
Belə bir şey ola bilərmi? Olsa belə burada hansı sevgidən, məhəbbətdən danışa bilərik? Bu, iyrənclikdən başqa bir şey deyil. Təsəvvür edin, qonşunuzda və ya qohumlarınız arasında kişi-qadın fərq etmədən kimsə hər il başqa birini sevir, hətta hər il başqa biri ilə evlənir. Buna necə yanaşarsınız? Böyük ehtimalla, həmin şəxsi sərt şəkildə tənqid edərsiniz. Lakin seriallarda isə bunlara qəhrəmanlıq kimi baxırsınız.
Ümid edirik ki, gələcəkdə seriallar bu bərbad və reallıqla əlaqəsi olmayan ssenarilərdən imtina edərlər. Əks təqdirdə, onlara baxaraq böyüyən gənclər sevgini, evliliyi unudula bilən bir şey kimi təsəvvür edəcəklər...
Aslan


