ABŞ Prezidenti Donald Trampın aralıq seçkiləri öncəsi reytinqinin azalması onu fərqli addımlar atmağa sövq edə bilər.
Hit.az bildirir ki, son nəticələrə əsasən Trampın reytinqi 35 faizə düşüb.
Bu isə çox aşağı göstəricidir. Üstəlik, onun partiyasının tərəfdarları arasında belə ABŞ Prezidentinin fəaliyyətindən narazı olanların səviyyəsi 21 faizə qədər artıb. Təbii ki, bütün bunlar Tramp üçün sonun başlanğıcı ola bilər. Çünki hazırkı vəziyyət davam edərsə noyabr ayında keçiriləcək aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlub olma ehtimalı böyükdür. Ən azından hazırkı proqnozlar bu yöndədir.
Qarşıdan gələn aralıq seçkiləri Tramp administrasiyasını çox ciddi taktiki gedişlər etməyə məcbur edəcək.
Trampın reytinqinin ortalama 35 faizə qədər geriləməsi seçkilər ərəfəsində Respublikaçılar Partiyası üçün böyük siqnaldır. Yəqin ki, Tramp mövcud vəziyyəti dəyişmək üçün çox radikal addımlar ata bilər. Hətta bir çoxları düşünür ki, ona kiçik də olsa bir hərbi zəfər lazımdır.
Məsələn, ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu yatağından götürərək qaçırması həm Amerikada, həm də dünyada geniş rezonans doğurmuşdu. Ona görə də Trampın komandasının yenə də bənzər ssenariyə əl atmaq istədiyi ehtimallar getdikcə artmaqdadır.
Kubanın hədəf seçilməsi də təsadüfi deyil.
ABŞ faktiki olaraq İranı tam məğlubiyyətə uğrada və onun nüvə silahından imtina etməsinə nail ola bilməyib. Üstəlik, İran müharibəsinə milyardlarla dollar vəsait xərclənilib. Lakin Trampın İrana hücum əmri verməsinin əsas səbəbi onun “böyük zəfər” arzusu idi. Bu reallaşmadıqda isə “xırda zəfər”ə də razı olub. Bu səbəbdən, son günlərdə Kuba inqilabının liderlərindən biri olan Raul Kastronun qaçırılması və ABŞ məhkəməsinə çıxarılması gündəmdədir.
Lakin rəqəmlər və gedişat göstərir ki, təkcə xarici cəbhədəki hərbi gedişlər Donald Trampın reytinqini artırmaya bilər. Düzdür, Ağ Ev rəhbəri diqqəti daxili problemlərdən yayındırmaq və xalqı bayraq ətrafında birləşdirmək üçün kiçik də olsa bir zəfərə nail olmaq istəyir. Buna baxmayaraq, Kuba əməliyyatının Trampın reytinqinə ciddi təsir etməyəcəyi gözlənilir.
ABŞ-də davam edən inflyasiya xalqı xarici zəfərlədən daha çox daxili problemlərə yönəldib.
Nəzərə almaq lazımdır ki, Trampın tətbiq etdiyi genişmiqyaslı gömrük tarifləri və ticarət müharibələri daxili bazarda qiymətləri qaldırıb. İnsanlar hərbi uğurlarla qürur duya bilərlər, amma marketdəki kassanın önünə keçəndə o qürur yox olur. Bu səbəbdən də Tramp xarici düşmənlərlə deyil, daxili bazardakı qiymət artımı ilə mübarizə apardığını sübut etməlidir.
Bundan başqa, İranla yekun sülh müqaviləsinə imza atılması və Tehran nüvə silahından imtina etməsi də Donald Trampın reytinqinə müəyyən qədər təsir edəcək. Çünki ABŞ daha bir müharibə bataqlığından çıxmış olacaq. Yəni Trampın reytinqini hərbi zəfərlər deyil, sülhə nail olan güclü diplomatiya və ölkədəki iqtisadi vəziyyətin düzəlməsi xilas edə bilər. Əks halda, aralıq seçkilərində məğlubiyyət qaçınılmaz ola bilər...
Elmir Mustafa


