Koronavirusa qarşı vaksinasiyanın detalları məlum oldu - TƏBİB-dən açıqlama

20:24 / 07.01.2021
2508

Koronavirus infeksiyasına qarşı vaksinlərin birinci dozası vurulduqdan 14-21 gün sonra ikinci doza vurulacaq, ikinci dozadan sonra bəlli anticisimlərin əmələ gəlməsi gözləniləcək. Bu isə o deməkdir ki, bizim üçün nə qədər çətin olsa da, bir müddət vaksinasiya prosesindən sonra da tibbi maska istifadə edilməli, əl gigiyenası və sosial məsafəni saxlamaq qaydasına ciddi əməl edilməlidir.

HİT.Az-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, birinci doza alan insanlar ikinci dozanı alana qədər yoluxma təhlükəsini itirməyəcəklər.

"Dünyada vaksinasiyaya ilk olaraq tiibb işçilərindən başlanılır. Çünki onlar daha çox risk qrupuna daxildirlər. Bütün peyvəndlər əks-təsirlər yarada bilər. Peyvənd zamanı bədəndə bəlli reaksiyaların olması isə pis deyil, əksinə yaxşı göstəricidir. Peyvənddən sonra bəlli bir narahatlıq olmalıdır və o, orqanizmin preparata rekasya verməsini göstərir. Peyvənddən qorxmaq lazım deyil. Biz bir çox xəstəliklərə bu yolla qalib gəlmişik”, - deyə Y.Qarayeva qeyd edib.

TƏBİB rəsmisi həmçinin yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması ilə bağlı heç bir məlumatının olmadığını da bildirib: "Bu barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma statistikasına baxaraq qəbul edə bilir”.

Onun sözlərinə görə, hazırda ölkədə sərtləşdirilmiş karantin nəticəsində yoluxma sayı 1000-dən aşağıdır.

4