Alimlər NASA-ya gələcək Ay bazasının tərkibində xüsusi bioloji karantin kompleksinin yaradılmasını təklif edirlər. Bu kompleks kosmosdan gətirilən potensial təhlükəli bioloji materialların Yerə çatmadan əvvəl təcrid olunmasını təmin edə bilər.
Hit.az xəbər verir ki, məlumat “Ambio” jurnalında dərc olunan məqaləyə istinadən verilir. Layihənin müəllifləri İdaho ştatında yerləşən Strateji Təhlil və Təhlükə Araşdırmaları Laboratoriyasının direktoru Frederik Moksli və Makgill Universitetinin biologiya professoru Entoni Riççardidir.
Moksli bildirib ki, bəşəriyyət kosmosun yeni kəşf dövrünə daxil olur, lakin planetin qorunması strategiyaları kosmosdan gətirilən nümunələrlə bağlı risklərin artmasına uyğun şəkildə inkişaf etmir.
Karantin Yerə qayıtmadan əvvəl
Tədqiqatçılar hesab edirlər ki, Ay, Mars və digər kosmik obyektlərdən götürülən bütün nümunələr birbaşa Yerə deyil, Ay üzərində yerləşəcək xüsusi karantin və tədqiqat mərkəzinə göndərilməlidir.
Onların fikrincə, bu materiallarla iş tamamilə robotlaşdırılmış sistemlər vasitəsilə aparılmalıdır ki, insanlar potensial təhlükəli mikroorqanizmlərlə təmasdan qorunsun və onların Yer mühitinə təsadüfən yayılma riski minimuma endirilsin.
Moksli qeyd edib ki, belə bir kompleks Yer ilə mümkün bioloji təhlükələr arasında “sədd” rolunu oynaya bilər.
“Bu obyekt mahiyyətcə Yer ilə gələcək kosmik missiyalardan gələ biləcək potensial təhlükəli canlı orqanizmlər arasında bir "firewall" kimi fəaliyyət göstərəcək”, deyə o bildirib.
İnvaziv növlərdən alınan dərslər
Müəlliflər qeyd edirlər ki, hələlik Yer xaricində həyatın mövcudluğu təsdiqlənməyib. Buna baxmayaraq, naməlum həyat formalarının belə ekosistemlərə ciddi təsir göstərə biləcəyi vurğulanır.
Riççardi invaziv növlərlə mübarizə təcrübəsini nümunə göstərərək bildirir ki, yeni mühitə düşən orqanizmlər uzunmüddətli və nəzarətsiz ekoloji problemlər yarada bilər.
Onun sözlərinə görə, bu təcrübə kosmosdan gətirilə biləcək naməlum orqanizmlərin risklərini daha ciddiyə almağın vacibliyini göstərir.
Kosmosda artan risklər
Alimlər kosmik tədqiqatların sürətlə genişləndiyini, dövlət və özəl şirkətlərin fəallığının artdığını və bunun bioloji təhlükəsizlik məsələlərini daha aktual etdiyini bildirirlər.
Araşdırmada kosmik aparatların qəzası və ya astronavtların naməlum mühitlə təması kimi potensial risklər də qeyd olunur.
Alimlərin fikrincə, hazırda Yer üzərində naməlum kosmik mikroorqanizmləri tam şəkildə təcrid edə biləcək mükəmməl bir sistem mövcud deyil.
Ay – ilk müdafiə xətti
Tədqiqatçılar hesab edirlər ki, Ay gələcəkdə Yerin bioloji təhlükəsizliyi üçün ilk müdafiə xətti rolunu oynaya bilər. Onların qənaətinə görə, kosmosdan nümunələrin qaytarılması ilə bağlı böyük missiyalar başlamazdan əvvəl bu risklər ciddi şəkildə nəzərə alınmalıdır.
Samir


