Misirin Bahariya oazisində arxeoloqlar qədim məbədin qalıqlarını aşkar ediblər. Tapıntıların Misirin 26-cı sülaləsi dövrünə (e.ə. 664–525-ci illər) aid olduğu və təxminən 2500 illik tarixə sahib olduğu bildirilir.
Hit.az xəbər verir ki, bu barədə Misir Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasına görə, Ali Qədim Əsərlər Şurasının (SCA) arxeoloji missiyası qumdaşıdan tikilmiş otaq qalıqları, üzərində firon I Psammetixin adı və titulları həkk olunmuş daş bloklar və müxtəlif artefaktlar aşkarlayıb.
Rəsmilər bu tapıntıların həmin ərazinin tarixi və dini əhəmiyyətini təsdiqlədiyini, həmçinin onun bir neçə tarixi dövrdə mühüm inzibati və dini mərkəz olduğunu göstərdiyini bildiriblər.
Aşkar edilən əsas strukturlar arasında 16 qumdaşı sütundan ibarət hipostil zal, ona bitişik otaqlar, müqəddəs yerlər və Amon-Ra, Amunet və Xonsu kimi tanrıların adlarının yer aldığı heroqlif yazılar var.
Mütəxəssislərin məlumatına görə, məbədin əsas zalının tikintisinə I Psammetix dövründə başlanılıb, sonradan isə II Apri və II Yaxmos (Amasis) dövrlərində tamamlanıb.
Bundan başqa, arxeoloqlar XVIII sülaləyə aid firon II Amenhotep dövründən qalan daş stel də aşkarlayıblar. Bu, oazisin Yeni Krallıq dövründən etibarən Misir sivilizasiyası ilə əlaqədə olduğunu göstərir.
Həmçinin II Ramzes dövrünə aid artefaktlar da tapılıb. Bu isə ərazidə məbəd kompleksindən əvvəl də yaşayış və dini fəaliyyətlərin mövcud olduğunu ehtimal etməyə əsas verir.
Samir


