Rüşvət üstündə həbs olunan baş həkimin şikayəti təmin edilmədi

ÖLKƏ
10:29 / 29.01.2021
497

Bakı Apelyasiya Məhkəməsində Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləmiş Cəlil Nəzərovun barəsində seçilən həbs qətimkan tədbirinin dəyişidirilməsi ilə bağlı apelyasiya şikayətinə baxılıb.

HİT.Az xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib və Binəqədi Rayon Məhkəməsinin qərarı dəyişdirlməyib.

Qeyd edək ki, C.Nəzərov yanvarın 22-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərində saxlanılıb.

Həyata keçirilən ilkin tədbirlərlə C.Nəzərovun ona müraciət edən iki vətəndaşdan əlillik dərəcəsinin təyin edilməsi üçün tələb edilən xəstəlik tarixçələrinin hazırlanması və səhiyyə müəssisəsinin göndərişinin "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə daxil edilməsi müqabilində onlardan tələb etdiyi cəmi 4 500 manat pul məbləğini 2020-ci il ərzində ayrı-ayrı vaxtlarda rəhbərlik etdiyi tibb müəssisəsinin inzibati binasında şəxsən və qeyri-rəsmi köməkçisi olan Sultanlı Davud Məmməd oğlu vasitəsilə təkrarən rüşvət qismində almasına, habelə, işlədiyi dövr ərzində çox sayda digər sağlam və həqiqi xəstəliyi olan vətəndaşlara xəstəliklə bağlı saxta tibbi sənədlərin hazırlanması, həmin sənədlərin reyestrə daxil edilməsi müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına dair əsaslı şübhələr müəyyən edilib.

İş üzrə C.Nəzərovun Masallı Rayon Mərkəzi Xəstəxanasının inzibati binasındakı xidməti otağında və digər aidiyyəti ünvanlarda axtarış aparılan zaman 2015-ci ilin əvvəllərindən başlayaraq pensiya təyinatı üzrə göndərişlərin verilməsi, xəstəliklər üzrə diaqnozların müəyyən olunması və sair təyinatlar üzrə çoxsaylı vətəndaşların adlı siyahısı və həmin vətəndaşlardan alınan müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər olan dəftərçələr, milli və xarici valyutada olan pul vəsaitləri, xəstəxananın mühasibatlığından isə 49 ədəd plastik hesab kartı və müxtəlif tibbi sənədlər aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, toplanmış ilkin sübutlarla Cəlil Nəzərov 23 yanvar 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

0