Pişiklər əvvəllər düşünüləndən daha çox yerli Avstraliya vəhşi təbiətini öldürür - ARAŞDIRMA

DÜNYA
23:15 / 05.08.2026
30

Avstraliyada vəhşiləşmiş pişiklər məməli heyvanların əvvəl hesab ediləndən daha çox növünün populyasiyasını azaldır. 

HİT.az xəbər verir ki, bu barədə "The Independent" nəşrinin işıqlandırdığı, "UNSW" Yeni Cənubi Uels Universitetinin alimlərinin yeni araşdırmasında bildirilir.

Tədqiqatçıların məlumatına görə, son 250 ildə qitədə 40-dan çox məməli növü məhv olub. Hazırda isə təxminən 700 heyvan növü, onların əhəmiyyətli hissəsi yalnız Avstraliyaya məxsus olmaqla, nəsli kəsilmək təhlükəsi altındadır. Bu növlərdən təxminən 200-ü meşələrin qırılması, introduksiya edilmiş yırtıcılar və xəstəliklərlə yanaşı, birbaşa vəhşiləşmiş pişiklərin təsirindən zərər görür.

Əvvəlki araşdırmalar göstərirdi ki, vəhşi pişiklər hər il Avstraliyada təxminən 1,5 milyard heyvanı məhv edir. Lakin yeni tədqiqat bu rəqəmin əslində daha yüksək ola biləcəyini göstərib. Alimlər müəyyən ediblər ki, pişiklər əvvəl düşünüləndən iki dəfə çox məməli və üç dəfə çox quş növünü ovlaya bilirlər.

Tədqiqat müəlliflərinin sözlərinə görə, əvvəlki qiymətləndirmələrdə pişiklərin qidalanma rasionu mədə və ya nəcis nümunələrində görünən tük, sümük və lələk qalıqlarının araşdırılması əsasında müəyyən edilirdi. Kiçik heyvanların toxumaları isə tez həzm olunduğundan onların izlərini aşkar etmək çətin olurdu.

Bu dəfə alimlər məhkəmə-genetik analiz metodundan istifadə ediblər. Bu üsul yeyilmiş heyvanların ən kiçik DNT qalıqlarını belə müəyyən etməyə imkan verir. Hər növün unikal genetik "barmaq izi" əsasında hazırlanmış DNT "ştix-kod" sistemi sayəsində tədqiqatçılar pişiklərin mədəsində əvvəllər aşkar edilməyən yumşaq toxumalı heyvanların, o cümlədən Yeni Zelandiya qurbağalarının qalıqlarını daha tez-tez müəyyən ediblər.

Araşdırma müəllifləri nəsli kəsilmək təhlükəsində olan heyvanların qorunması üçün xüsusi hasarlanmış "təhlükəsiz sığınacaqlar" yaradılmasını təklif edirlər. Onların fikrincə, bu cür ərazilər yalnız vəhşi pişiklərdən deyil, həm də tülkülər və dovşanlar kimi invaziv növlərdən müdafiə təmin edərək yerli fauna üçün daha təhlükəsiz yaşayış mühiti yarada bilər.

Samir
 

0