Türkanda torpaq mafiyasını ifşa edən şəxsin həbsinin təfərrüatları – Onu əslində niyə tutublar?

ÖLKƏ
12:15 / 18.03.2021
1895

Bakının Türkan qəsəbəsində ahıl qadınlar – 80 yaşlı Əzizəxanım Atayeva ilə 90 yaşlı Xumara Şabanovaya vəkil tapmaqda köməklik etmiş kənd sakini Natiq Məhəmmədsoy həbs edilib. 

HIT.Az xəbər verir ki, o, narkotik saxlamaqda və qanunsuz silah gəzdirməkdə ittiham olunur. 

Natiq Məhəmmədsoyun anası Tamara Süleymanova isə deyir ki, oğlu saxta, qurama ittihamlarla həbs olunub: “Bütün Türkan qəsəbəsi bilir ki, Natiq o iki ahıl qadına vəkil tapdığına görə bu şəkildə cəzalandırılır. Mən ölkə başçısı İlham Əliyevdən, Daxili İşlər naziri Vilayət Eyvazovdan xahiş edirəm ki, oğluma qarşı qaralama kampaniyasını təşkil edənləri cəzalandırsınlar. Mənim oğlum günahsızdır. Natiqin 3 övladı var, 2 övladı azyaşlıdır. O, iki ahıl qadının son ümid yerləri olan torpaqların ələ keçirilməsini bilirdi. Əzizəxanımla Xumara Natiqdən xahiş etdilər ki, kömək eləsin, vəkil tutsunlar. O da kömək elədi. Bu, cinayətdir?”  

Tamara Süleymanova deyir ki, oğluna qarşı ittihamların saxtalığını sübut edən faktlar, videolar var: 

“Yazırlar ki, Natiqi guya evində tutublar. Bu, ağ yalandır. Guya maşınına da 11:15-də evin qabağında baxış keçiriblər, silah tapıblar. Hal şahidləri də guya Astara rayonundan olan şəxslərdir. Halbuki həmin adamlar Türkanda bir dəfə belə olmayıblar! Bizim əlimizdə olam kamera görüntüləri var. Həmin görüntülərdən aydın olur ki, Natiq 05.03.2021-ci ildə evindən saat 10:40 radələrində çıxıb. Həmin gün maşını ustaya göstərmək üçün Qala qəsəbəsinə gedib. Orda polis əməkdaşları onu saxlayıb. Özünü başqa maşına keçiriblər. Onun “Toyota Fuji Cruiser” markali nəqliyyat vasitəsini özləri sürərək 11:30 radələrində evinə gəliblər Yolda Natiqin maşını məhz həmin saatda bir neçə kameraya düşüb. Bununla da müəyyən edilir ki, həbsə əsas olan baxış protokolu belə qanunsuz olaraq tərtib edilib. Natiqin maşını saat 12:30 Türkan qəsəbəsində qeydə alınıb, amma 11:15 guya protokol tərtib edilir?! Daxili İşlər nazirindən dönə-dönə xahiş edirəm ki, oğluma qarşı qanunsuzluğa son qoyulsun”.

VÜQAR

2