Aclıq aksiyası edən ahıl qadınların halı PİSLƏŞDİ

12:06 / 16.04.2021
1372

Bakının Türkan qəsəbəsində 80-90 yaşlı ahıl qadınlar aclıq aksiyası keçirirlər. 

HİT.Az xəbər verir ki, onlar saxta sənədlərlə torpaq sahələrinin əllərindən alınmasına, yaxınlarına vəkil tutmaqda kömək etmiş Natiq Məhəmmədsoyun qanunsuz həbsinə etiraz olaraq aclıq edirlər.

Artıq 3 gündür ki, aclıq aksiyası keçirən qadınların durumu pisləşib. Həkim çağırılaraq, onlara tibbi xidmət göstərilib. 76 yaşlı Tamara Süleymanovanın isə vəziyyəti aprelin 14-də ağırlaşıb, saat 12:00 radələrində  həkiminin tibbi müdaxiləsindən sonra durumu nisbətən düzəlib. Buna baxmayaraq, Tamara Süleymanova aclığı dayandırmaq niyyətində olmadığını bildirib. Həkimlər ahıl qadınların aclığı dayandırmasını istəsə də, onlar buna qəti etirazlarını bildirir.

“Baş prokurorun qəbuluna 5 dəfə getmişik. Hər dəfə bir söz deyib yola salırlar. Biz qanunların işləməsini istəyirik. Bizi sənəddə "öldürüblər" onsuz da. Qoy aclıq edib ölək, canımız bu haqsızlıqdan, ədalətsizlikdən qurtarsın”, - Əzizəxanım Atayeva belə deyir.

Natiq Məhəmmədsoyun anası, 78 yaşlı Tamara Süleymanovaya da həkimlər aclığı dayandırmağı israrla tövsiyə edib. Lakin o, bu ədalətsizliyə son qoyulmayana qədər aksiyaya davam edəcəyini bildirib. Ailə üzvlərinin sözlərinə görə, həkim onun insult riski olduğunu deyib.

91 yaşlı Xumara Şabanova da aclığı dayandırmaq istəmir: “Övladlarım və nəvələrim maddi baxımdan çox ağır vəziyyətdədir. Daşqının, onun ətrafının ələ keçirdiyi torpaq övladlarımın güman yeri idi. Məni vadar eləyirlər ki, özümü asım. Mənim bu yaşda dövlət orqanlarını gəzən, ekranlarda göstərilən vaxtım deyil".

Qeyd edək ki, aksiya keçirən Türkan sakinlərini aprelin 12-də baş prokurorun köməkçisi qəbul edib. Onlara bildirilib ki, torpaqla bağlı problem həllini tapacaq. Bundan əvvəl isə ahıl qadınları Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Eldar Sultanov qəbul edib.

Xatırladaq ki, Əzizə Atayeva və Xumara Şabanovanın əmlakını saxta sənədlərlə satmağa görə 3 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bunlar Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev, Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və qəsəbə sakini Çingiz Səfərovdur. Onlara qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Əvvəlcə Rahil Babayev və Çingiz Səfərov həbs edilib, Daşqın Nəsirov isə axtarışa verilib. O, 2020-ci ilin dekabrında saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Mart ayında Daşqın Nəsirov səhhətindəki problemlər əsası ilə ev dustaqlığına buraxılıb. Ancaq zərərçəkmişlər bunu bəhanə hesab edir. 

55 yaşlı Natiq Məhəmmədsoy isə CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur. O isə iddia edir ki, evindən və avtomobilindən tapıldığı iddia olunan narkotik və silah onun deyil. Həbsinə səbəb kimi Türkan qəsəbəsinin sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya yardım etməsini göstərir. Ahıl qadınların aclıq aksiyasına daha dörd xanımın qoşulacağı bildirilir.

VÜQAR

0