ÖLKƏ
12:42 / 23.04.2021
1266

“Azərenerji” yeni yaranan şirkətə niyə 1 milyonluq sifariş verib?

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Novum FMCG” MMC ilə maliyyə dəyəri 928 349.59 AZN təşkil edən müqavilə imzalayıb. 

HİT.Az-ın xəbərinə görə, müqavilədə avtomobillərin ehtiyat hissələrinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Novum FMCG” MMC 11 fevral 2020-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin Bakı şəhəri Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 6, mənzil 47/48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əfəndiyev Ziya Faiq oğludur.

Açıq mənbələrdə “Novum FMCG” MMC və onun qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. Bu da təbiidir. Çünki şirkət cəmi 1 ildir yaranıb. Təbii olmayan “Azərenerji” ASC-nin yeni yaranan şirkətə təxminən 1 milyonluq sifariş verməsidir.

Qeyd edək ki, ASC avtomobillərin ehtiyat hissələrinin satın alınması ilə bağlı tenderi 24 dekabr 2020-ci ildə elan edib. 5 fevral 2021-ci ildə isə zərflər açılıb və “Novum FMCG” MMC qalib olub. Beləliklə, aydın olur ki, tender elan ediləndə sözügedən şirkət cəmi 10 aydır fəaliyyət göstərirmiş. Bu müddət ərzində isə onun hansısa tenderdə iştirakı barədə məlumat yoxdur. “Dövlət satınalmalar haqqında” Qanuna görə,  tenderdə iştirak üçün peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığın olması tələb olunur. Yeni yaranan şirkətin bu tələblərə cavab verməsi bir qədər inandırıcı görünmür.

VÜQAR

2